
2016-ci ilin yanvar-iyul aylarında neft hasilatı 0.9 faiz artsa da, əmtəəlik qaz hasilati və elektrik enerjisi istehsalı azalıb.
Gununsesi.info-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəllik qaz hasilatı 8 faiz, elektrik enerjisi istehsalı isə 5 faiz azalıb.
“Qara qızıl”ın hasilatında sabitlik yarandığı bir dönəmdə qaz hasilatının azalması sual yaradır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunun səbəbini neft hasılatının artırılması istiqamətində görülən işlərlə əlaqələndirir: “Quyuların neftverimliliyinin artırılması üçün səmt qazının 50 faizdən çoxunu neft laylarına vurmağa başlayıblar. Çünki bazarda neftin qiyməti qazdan 40 faiz bahadır. Belə olan halda, “qara qızıl”ı satmaq daha faydalıdır, nəinki əmtəəlik qaza sahib olmaq”.
İ.Şabana görə, əmtəəlik qazın elektirk enerjisinin istehsalına yönələn qismində hökumət qənəat etmək qərarına gəlib. Elektrik enerjisinin istehsalında da azalma məhz bu nədənlədir.
“Əmtəəlik qaza olan təlabatı elektirk enerjisinə qənaət etməklə balanslaşdırmaq mümkündür. Necə ki, hökumət indi belə də edir”-deyə, ekspert vurğulayır.
Lakin ekspert neft hasilatının azalmasını da qaçılmaz sayır: “OPEC və İEA-nın proqnozlarına görə, bu ilin ikinci yarısında Azərbaycanda neft hasilatı gündəlik təqribən 20 min barel azalmağa doğru gedəcək. Onlar isə bu informasiyanı Energetika Nazirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində əldə edirlər. Demək, qarşıda hökuməti daha mürəkkəb vəziyyət gözləyir”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info