Qazaxıstan hadisələrinin iqtisadi təsirləri - TƏHLİL

  • By admin
  • 11 Yanvar 2022 13:08

Son günlərdə ən çox müzakirə olunan ölkələrdən biri də Qazaxıstandır. Ölkədə təbii və sıxılmış qaz qiymətləri artırılandan sonra başlanan etirazlar miqyasca artdı və bu, durumu kökündən dəyişdirdi.

Qazaxıstanda baş verənlər dünya iqtisadiyyatına da təsirsiz ötüşmədi. Nəzərə almaq lazımdır ki, qlobal uran istehsalının təxminən 40 faizi Qazaxıstanın payına düşür. Qazaxıstana məxsus “Kazatomprom” şirkətinin dünya uran bazarındakı payı 23 faizdir və şirkət bu göstərici ilə dünyada liderdir.

“Kazatomprom” son olayların hasilat və ixraca ciddi təsir göstərmədiyini bəyan etsə də, dünya bazarlarında uranın qiyməti bahalaşmağa başlayıb. İndi bir funt (0.45 kq) uranın qiyməti 45 dolları ötüb. Bu, 10 faizə yaxın bahalaşma deməkdir. Uranın qiyməti artsa da, “Kazatomprom” şirkətinin səhmləri London birjasında 8.8 faiz ucuzlaşıb.

Dünyada ən çox kriptovalyuta hasil edilən ölkələrdən biri

Qazaxıstandakı olayların qlobal miqyasda təsir etdiyi sahələrdən biri də kriptovalyuta bazarıdır. Ötən ilin göstəricilərinə əsasən, Qazaxıstan 18 faizlik payla kriptovalyuta hasilatı üzrə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Etirazlar ucbatından internetə girişin məhdudlaşdırılması ölkədə kriptovalyutaların da qiymətini ucuzlaşdırıb. Nəzərə almaq lazımdır ki, söhbət Qazaxıstanda internetin məhdudlaşdırılmasından da deyil, bütövlükdə söndürülməsindən gedir və belə bir şəraitdə, təbii ki, kriptovalyuta hasilatından danışmaq olmaz.

Bütün dünya üzrə internet təminatını monitorinq edən “NetBlocks” şirkəti də Qazaxıstanda internetin söndürülməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ölkə daxilində internet üzərindən olan bütün servislərin, bütün dövlət, özəl, maliyyə-bank sektorunun, bütün messencerlərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində rəqəmsal xidmət sektoru iflic vəziyyətindədir.

Eyni zamanda mobil şəbəkəyə də giriş yoxdur, çünki mobil rabitə də söndürülüb. Qeyd edək ki, internetin bu cür söndürüldüyü hallarda heç bir yardımçı texnologiyalar, eləcə də VPN-lər internet resurslara girişi təmin edə bilmir. “NetBlocks” şirkətinin açıqlamalarından məlum olur ki, ölkədə internet trafikinin bərpası, sadəcə, prezident Kasım-Jomart Tokayevin çıxış etdiyi dəqiqələrə təsadüf edir. Çıxış başa çatınca internet yenidən qapadılır.

Qazaxıstanın kriptovalyuta bazarında payının artması Çində kriptovalyuta ilə bağlı fəaliyyətin yasaqlanmasından sonra baş vermişdi. Ölkənin Çinə yaxın olması və eləcə də enerji resursları Çindən olan kriptovalyuta hasilatçılarının axınını doğurmuşdu. Kriptovalyuta mədənçiliyi üçün Çindən Qazaxıstana köçürülən kompüter sayının 90 minə yaxın olduğu ehtimal edilir.

Qazaxıstan olayları enerji sektoruna da təsirsiz ötüşməyib. OPEC+ qrupuna daxil olan Qazaxıstanda baş verən hadisələrlə bağlı dünya bazarında neftin qiyməti 80 dollar həddini aşıb. Bu, noyabrdan bəri ən yüksək qiymət sayılır.

Gununsesi.info