Qazaxıstan prezidenti bu məsələdə “qızıl orta”ya riayət etməyə çağırdı

  • By admin
  • 12 Oktyabr 2023 14:09

Qazaxıstan süni intellektin (AI) perspektivlərindən kənarda qalmamalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Digital Bridge 2023” beynəlxalq texnologiya forumunun açılışında çıxışı zamanı deyib.

“Süni intellektin istifadəsi inklüziv və davamlı inkişaf üçün yeni imkanlar üfüqləri açır. Bu sahədə qlobal rəqabət getdikcə güclənir. Qazaxıstan bu tendensiyalardan kənarda qalmamalıdır. Bu, zamanın tələbidir. Ona görə də biz indi qabaqcıl texnologiyaların inkişafına xüsusi diqqət yetiririk. Sənayenin mütərəqqi inkişafı üçün yerli İT mütəxəssislərinin, ekspertlərin, alimlərin səylərini birləşdirmək, həmçinin beynəlxalq tərəfdaşların potensialından istifadə etmək lazımdır”, – deyə Tokayev bildirib.

Bununla yanaşı, Qazaxıstan prezidenti diqqəti ona yönəldib ki, yaxın onilliklərdə maşının insan ağlını üstələyəcəyi məqam yaxınlaşa və buna görə də süni intellektdən bəşəriyyət üçün təhlükə yarana bilər.

“Bunun nəyə gətirib çıxaracağı ilə bağlı elmi dairələrdə konsensus yoxdur: bəşəriyyətin çiçəklənməsi və ya məhv olmaq təhlükəsi. Buna görə də, süni intellektə intellektual nəzarət xüsusilə vacibdir. Məsələn, keçmişdə nüvə enerjisi ilə yanaşı, atom silahları da yaradılıb. Bu, qlobal təhlükəsizliyin yeni paradiqmasının qurulması zərurətinə səbəb oldu”, – Tokayev qeyd edib.

Qazaxıstan prezidenti süni intellektin ölkə sakinlərinin həyatının müxtəlif sahələrinə tətbiqi zamanı “qızıl orta”ya riayət etməyə çağırıb.

Bundan əlavə, Tokayev ölkədə rəqəmsal infrastrukturun gücləndirilməsinin vacibliyini qeyd edib.

“Əvvəllər məqsəd 2027-ci ilə qədər bütün rayon mərkəzlərini yeni nəsil mobil rabitə ilə əhatə etmək idi. Bununla belə, texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda biz də bu işi sürətləndirməliyik. Hökumət bu işi vaxtından əvvəl – 2025-ci ilin sonuna qədər başa çatdırmalıdır. Təbii ki, müddətlərin dəyişdirilməsi göstərilən xidmətlərin keyfiyyətinə heç bir şəkildə təsir etməməlidir”, – deyə o əlavə edib.

Astanada “Digital Bridge 2023” forumu işə başlayıb. Builki forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq.

“Digital Bridge” rəqəmsal texnologiyalar, biznes və İT üzrə ən böyük beynəlxalq forumdur, burada panel sessiyaları, İT startap prospekti, İT məktəblərinin sərgisi, əmək yarmarkası, startapların genişmiqyaslı döyüşü “Astana Hub Battle” və başqaları keçirilir.

Səid Əhmədli
Gununsesi.info