“Qazaxıstan ssenarisi” İrəvanda başlayır?

Ermənistanda vəziyyətin gərginləşməsi siyasi partiyalar arasında fikir ayrılığına səbəb olub. Radikal müxalifət dünənki mitinqdə etirazçılara qarşı zor tətbiq edildiyini deyir, loyal siyasət sərgiləyən partiyalar isə polisə hücumu qınayırlar.

“Suveren Ermənistan” partiyasının rəhbəri David Sanasaryanın polis-vətəndaş qarşıdurmasına mövqeyi isə diqqət çəkib. O, “Mən əvvəllər də deyirdim ki, bu hərəkatın arxasında duran insanlar dinc mitinqlər keçirə bilməyəcəklər. Çünki 27 oktyabr və 1 mart hadisələrinə (2008-ci ilin qanlı meydan hərəkatı-red.)görə məsuliyyət daşıyanlar öz təbiətlərinə görə dinc və demokratik ola bilməzlər. Hansı ki, bugünkü mübarizə üsulu “dinc” olmalı idi”.

Partiya sədri jurnalistlərlə söhbətində maraqlı iddia da irəli sürüb. O qeyd edib ki, hərəkatın arxasında duranlar ölkədə xaos yaratmağa çalışacaqlar. Bu isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Ermənistanın suveren ərazisinə soxulmasına gətirib çıxaracaq.

“Nəticədə biz dövlətçiliyimizi və suverenliyimizi itirəcəyik. Əvvəllər də deyirdim ki, onlar sülhün yaxınlaşdığını görəndə, özlərinin “köhnəldiyini” anlayacaqlar və aqressiv davranışlara keçəcəklər. Bugünkü zorakılıqlar bunun əyani təsdiqinə çevrildi”, – siyasətçi proseslərin gedişindən gileylənib.

Partiya sədri həmçinin öz səlahiyyətləri çərçivəsində xaosun qarşısını alan, öz missiyasını anlayan, dövlətçilik bayrağını daşıyan polislərə, hamınıza təşəkkür edib. Lakin hərc-mərcliyin yaradılmasına təkan verib yumruqla, təpiklə bu proseslərdə iştirak edən polis əməkdaşları ciddi şəkildə cəzalandırılmalıdırlar.
– Suverenliyi və demokratiyanı qorumaqla, başqa ölkələrin agentlərini siyasi meydandan təcrid etməklə dövlətin təhlükəsizliyini təmin etmək olar. Bu, bizim həll etməli olduğumuz böyük vəzifədir, -Sanasaryan deyib.

Qeyd edək ki, apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı ilk dəfə olaraq polis dünən aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, mitinqdən sonra tibb məntəqələrinə 60 nəfər müraciət edib. Onlardan 39-u polis əməkdaşı olub.

Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.

Gununsesi.info