Qazaxıstan hakimiyyəti ölkənin ən böyük şəhərlərində – Almatı və Astanada pilotsuz taksilərin mərhələli tətbiqinə başlayacağını rəsmən təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, Almatı Rəqəmsallaşma İdarəsinin rəhbər müavini Meyram Düsyukovun sözlərinə görə, 1 may 2026-cı ilə qədər şəhər küçələrinə 50 pilotsuz avtomobil buraxılacaq. Layihənin texnoloji tərəfdaşı “Yandex Kazakhstan”dır.
Təşəbbüs üçillik proqram çərçivəsində həyata keçiriləcək və bazara digər şirkətlər də cəlb olunacaq. Artıq “inDrive” ilə də müvafiq memorandum imzalanıb.
İlkin mərhələdə avtomobillər qapalı poliqonlarda sınaqdan keçiriləcək, daha sonra isə müəyyən edilmiş marşrutlar üzrə şəhər yollarına çıxacaq. Nəqliyyat vasitələri daimi texniki və ya uzaqdan nəzarət altında olacaq.
Layihə əsasən L4 səviyyəli avtonom idarəetməni nəzərdə tutur (sürücüsüz hərəkət), lakin keçid mərhələsində sükan arxasında nəzarətçi sürücü də ola bilər (L3).
Tariflər operatorlar tərəfindən bazar şərtlərinə uyğun müəyyən ediləcək.
Qeyd edək ki, dünyada ilk kommersiya pilotsuz taksi xidməti 2016-cı ildə Sinqapurda istifadəyə verilib, lakin hələlik heç bir ölkə kütləvi daşımada sığortalayıcı operator olmadan tam keçid edə bilməyib.











