Qazaxıstanda delfinarilərin fəaliyyətinə hüquqi qadağa qoyula bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev “Twitter” səhifəsində yazıb.
“Ekologiya Nazirliyi delfinarilərin bağlanması barədə qazaxıstanlı heyvan müdafiəçilərinin müraciətinə baxacaq. Delfinarilərdə delfinlərin vəziyyəti və saxlanma şəraitilə bağlı narahatlığı anlayışla qarşılayan Nazirlik “Heyvanlara məsuliyyətli münasibət” haqqında qanun layihəsi çərçivəsində delfinarilərin bağlanması məsələsinə baxmağa hazırdır. Bu, ayaqüstü həll olunacaq məsələ deyil, onun araşdırılması üçün bəlli bir zaman müddəti gərəkdir. Beynəlxalq təcrübələrin də tədqiqi zəruridir. “Heyvanlara məsuliyyətli münasibət” haqqında qanun layihəsində də humanizm prinsipləri əsas götürülür. Nazirlik adından bu məsələyə vətəndaş təəssübkeşliyi mövqeyindən yanaşan hər kəsə təşəkkür edirik”, – nazir bildirib.
Qeyd edək ki, “Heyvanlara məsuliyyətli münasibət” haqqında qanun layihəsi hazırda Qazaxıstanda ictimai müzakirə mərhələsindədir.
Gununsesi.info












