
Qazaxıstanın Karaqanda vilayətində şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, yerli vaxtla saat 22:00-a olan məlumata görə, şaxtada ölən 45 nəfərin cəsədi tapılıb, bir şaxtaçının axtarışları davam edir.
Qəza oktyabrın 28-də səhər saatlarında baş verib. Fövqəladə hadisə zamanı 252 nəfər yerin altında olub, 206 şaxtaçı isə səthə çıxarılıb.
Prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə Qazaxıstanın baş naziri Əlixan Smailovun sədrliyi ilə Karaqanda vilayətində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyası yaradılıb.
Kostenko mədənində baş vermiş qəzanın aradan qaldırılması üzrə operativ qərargah gecə-gündüz işləyir.
Gununsesi.info