Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.
Artıq dünəndən KTMT Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.
Qazaxıstanlı jurnalist Amangəldi Kurmetuly ölkəsindəki son vəziyyətlə bağlı Modern.az-a danışıb.
Onun sözlərinə görə, Qazaxıstanda artıq hər şey qaydasındadır:
“Artıq dünəndən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları ölkədən getməyə başlayıb. İndi vəziyyət yaxşıdır. Təbii ki, xalq bu addımı xoş qarşıladı. Bu gün Belarus əsgərləri çıxır”.
Jurnalist deyib ki, əslində Qazaxıstanda olan hadisələr KTMT üçün qazancdır:
“Çünki kənardan baxıldıqda onlar gəldikdən sonra hadisələrin yatırıldığı deyilir. Həmçinin, digər ölkələrdən baxıldıqda, Qazaxıstanın KTMT tərəfindən işğal edildiyi kimi görünsə də, bu, belə deyil. Çünki prezident özü bunu təklif edib. Narahat olacaq vəziyyət yoxdur, işlərini gördükdən sonra ölkəni tərk etdilər. Artıq xalq heç nədən narazı deyil. Xalqın narazı olduğu məsələlər həllini tapıb”.
Gununsesi.info