Qazaxıstanın əhalisi 20 milyona çatdı

  • By admin
  • 16 Noyabr 2023 12:48

Qazaxıstanın əhalisi 20 milyona çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Bu əlamətdar hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının və ölkənin davamlı tərəqqisinin təməlidir. Dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, analıq və uşaqlığın qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, – Tokayev yazıb.

Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü il noyabrın 14-də səhər saat 8.10-da 5 yeni doğulmuş körpə ölkənin 20 milyonuncu əhalisi olub.

Qazaxıstanın yubiley vətəndaşları Ulıtau, Jetısu, Atırau, Akmola və Türküstan vilayətlərində doğulublar. Onların arasında 3 oğlan və 2 qız da var.

Əvvəllər, 1991-ci ildə Qazaxıstan əhalisi 16,4 milyon nəfər idi. Müstəqillik illərində ölkə əhalisinin sayı 22,3 faiz artıb.

Belə ki, 2022-ci ildə 1991-ci illə müqayisədə doğulanların sayı 353,2 min nəfərdən 403,9 min nəfərə və ya 14,7 faiz artıb.

Doğum nisbətində ən böyük pik 2021-ci ildə qeydə alınıb və 446 min uşaq təşkil edib.

Təbii artımın artması digər amillərlə yanaşı, ölüm hallarının, o cümlədən uşaq ölümlərinin azalması hesabına təmin edilib.

2022-ci ildə gözlənilən ömür uzunluğu 1991-ci illə müqayisədə 6,8 il, kişilərdə bu rəqəm 7,7, qadınlarda isə 6 il artıb.

Belə ki, 2022-ci ildə Qazaxıstanda gözlənilən ömür uzunluğu 74,4 il olub. Bu rəqəm pandemiyadan əvvəlki səviyyəni 1,3 il üstələyir.

Gununsesi.info