Ölkədəki intihar dalğasını dayandırmaq lazımdır

  • By admin
  • 18 İyul 2022 23:41

Son günlər qazilərin və sadə insanların  intihar halları ənənə halını almaqdadır.

Jurnalist Elşad Paşasoy hökuməti bu tendensiyanın qarşısının alınması üçün təcili addımlar atmağa çağırıb.

Gununsesi.info jurnalistin qeydlərini təqdim edir:

Sabirabadın icra başçısı demişdi ki, qazimiz İH binası qarşısında yox, Mədəniyyət Evinin qarşısında intihar edib…
Bu gün Xırdalanda intihar edən 1985-ci il təvəllüdlü kişi də Mədəniyyət Evinin qarşısını seçib.
Deyəsən, İsmayıllıda bir nəfər özünü körpüdən asıb…
Cəlilabadda isə ağacdan…
İndi nə edək? Mədəniyyət evlərinimi sökməli, körpülərimi, ya ağaclar kəsməli?
İntihar edənin kimliyi əsas müzakirə mövzusu olmamalıdır. Vətəndaşlarımız özünə qıyır, ailələr gözüyaşlı, uşaqlar valideynsiz qalır. Dövlətin də yükü artır.
Nələrsə edilməlidir! Bu dalğanı dayandırmaq lazımdır! İnsanlarda həyat eşqi niyə sönür, hardadır psixoloqlar, vətəndaş cəmiyyəti təşkilatları, insan mütəxəssisləri, rəsmi qurumlar?..
Müharibə bitməyib, biz əli silah tutan insanlarımızı arxa cəbhədə itiririk!
Şuşanın azadlığını görmək səadəti nəsib olan vətəndaş niyə yaşamaq istəməsin  axı?

 

Elşad Paşasoy