QDİƏT PM üzv ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul etdi - FOTO

  • By admin
  • 05 İyul 2017 23:43

qdiat

İyulun 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı Büro və 49-cu Daimi Komitə iclasları işə başlayıb.

Tədbirlərdə Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT PM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov Azərbaycanı təmsil edirlər.

Gununsesi.info-nun xəbərinə görə, rəsmi açılışdan sonra 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı sənədli film nümayiş olunub.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın sədrliyi ilə keçirilən (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında Qara dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, iqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.

Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev rəsmi hissədəki çıxışında iclasın gündəliyi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırıb. Sonra E.Quliyevin “İqtisadi inkişaf və sosial inteqrasiya ilə bağlı hüquqi əsasların möhkəmlənməsində parlamentlərin rolu” mövzusunda məruzəsi dinlənilib.

Milli Məclisin deputatı Əflatun Amaşov sessiya çərçivəsində keçirilən paneldə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra iclasda təşkilati məsələlərə baxılıb. Bəzi üzv ölkələrdə keçirilmiş parlament seçkiləri ilə bağlı yeni namizədlərin təmsilçiliyi təsdiq olunub.

Sessiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin hesabatını qəbul edib.

QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasının qəbul etdiyi bəyannamədə təşkilata üzv olan ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələsi iki maddədə əksini tapıb. Təşkilata üzv olan 12 ölkədən 10-u sənədin lehinə səs verib.

İyulun 6-da keçiriləcək paneldə QDİƏT PM-in sədr müavini Musa Quliyev çıxış edəcək.

Gununsesi.info