QHT sədri naməlum şəxslərin hədəfində -İDDİA

  • By admin
  • 15 İyul 2016 16:00

temraz

 

Bərabər İmkanlar Mərkəzi İctimai Birliyinin sədri Rafiq Təmrazov naməlum şəxslər tərəfindən hədə-qorxuya məruz qaldığını bildirib. Özünü Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı kimi təqdim edən şəxs onu rüşvət almaqda günahlandırıb  və şantaj xarakterli ifadələr işlədib.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan QHT sədri naməlum zənglər və təhdidlərlə bağlı mətbuat vasitəsiylə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına, o cümlədən Baş prokurluğa müraciət etdiyini dedi: “Yaxın bir-iki ay ərzində tanımadığım şəxslər mənə zəng edir və həmin şəxslər qeyd edirlər ki, guya mən kimdənsə rüşvət almışam və mənim haqqımda şikayət var. Belə ki, birinci dəfə zəng edən şəxsin nömrəsini sadəcə ciddiyə almadığımdan yaddaşda saxlamasam da, ikinci və üçüncü dəfə zəng edən nömrələr (+994 50) 311 46 46; (+994 55) 311 46 46 olub. Eyni səbəbdən ilk zəngin tarixini dəqiq qeyd etməsəm də, ikinci dəfə zəng 11 iyul 2016-cı il tarixində saat 21:30 radələrində edilib. Mən həmin şəxsə kimliyi ilə bağlı sual verəndə özünü Korrupsiyaya Qarşı Mübarizə … əməkdaşı kimi təqdim edib. Dəfələrlə zəng edən şəxsin hansı qurumu təmsil etdiyini soruşsam da aydın cavab ala bilmədim. Eyni zamanda həmin şəxsdən bir neçə ciddi aydınlaşdırma tələb etdiyim zaman mənə qarşı söyüş və təhqir işlətdi. Mən əsəbləşsəm də ciddi cavab vermədim. Baş verən bu xoşagəlməz olayı həmin axşam öz facebook profilimdə paylaşdım”.

QHT sədri sonuncu dəfə ona ötən gün günorta saatlarında zəng olunduğunu və yenidən hədə-qorxuya məruz qaldığını dedi: “Dünən 15:43-dən 17:40-dək 10 dəfə eyni nömrələrdən mənə zəng olundu. Telefon səssizdə olduğundan sonuncu zəngə cavab verə bildim. Özünü açıq şəkildə Korrupsiyaya Qarşı Mübarizə Fondunun regional bölmə rəhbəri kimi təqdim edən şəxs onun müraciətinə normal münasibət göstərmədiyimə görə şikayəti polis orqanlarına göndərdiyini bildirdi. Bunu isə şantaj vasitəsilə pul tələbetmə kimi dəyərləndirirəm.  Qeyd edim ki, birinci mənə edilən zəng zamanı Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşı olması bildirilmişdi. Əlavə olaraq qeyd edim ki, bu şəxs mənim statusum haqqında müəyyən epizodik bilgilərə malik olsa da, əlil olmağımı xüsusi qeyd etdi. Bütün bu əlavə məni şərləmək üçün saxta şahidlər də tapmışıq. Həmin şəxsin türk vətəndaşı olduğunu bilirik.

Onu da bildirim ki, baş verən bu halı özümə qarşı təhdit hesab edirəm və artıq “yalançı şahid” obrazından da ehtiyatlanıram. Buna görə də bu şəxslərin tapılıb qanun qarşısında cavab verməsini istəyirəm. Əlavə olaraq bildirim ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır və zəng edənlərin həmin təşkilatın əməkdaşları olmasına inanmıram”.