Qida Təhlükəsizliyi Agentliyi monitorinqlərə başlayıb

  • By admin
  • 22 May 2018 18:01

 

Bu gündən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirici monitorinqlərə başlayıb.

Gununsesi.info Axar.az-a istinadən bildirir ki, agentlikdən verilən məlumata görə, may və iyun aylarını əhatə edəcək monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, monitorinqlərin ilk günündə AQTA nümayəndələri “Bakı Qida və Yağ Fabriki”, “San Ti Çay Fabriki” və AzMeat Prodakşn MMC-də olub. Monitorinq zamanı sahibkarlıq subyektlərinə məlumatverici təlimatlar təqdim olunub, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsulları istehsalının qarşıda duran əsas vəzifə olduğu vurğulanıb.