Qida zəhərlənmələrindən necə qorunmalı…

“Azərbaycanda qida məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində ciddi nəzarət tələb edir”.

Gununsesi.info bildirir ki, bu barədə “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi bildirib.

Təşkilatın məlumatına görə, indi dünyanın hər yerində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır.

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər 10 nəfərindən 1-i qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri ölür.
Azərbaycanda da hər il qida zəhrələnmələri ilə bağlı yüzlərlə fakt qeydə alınır. Qida Təhlükəsizliyi Agentliyinin hesabatına görə, təkcə 2019-cu ildə 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb”. 

İctimai birlik bildirib ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. 

“Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir”.

İcimai Birlik qida zəhərlənmələrinə qarşı maarifləndirmə işinə öz töhfəsini vermək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sağlam yaşamaq üçün düzgün qidalan!” adlı layihə həyata keçirir.

Layihənin məqsədi qida zəhərlənmələrinin qarşısının alınması ilə bağlı əhaliyə yönəlik maarifləndirmə işinin genişləndirilməsi, bu konteksdə mediada xüsusi məlumatlandırma yazılarının dərc edilməsi, aparıcı mətbuat vasitələrində “qida zəhərlənmələri” mövzusunda dərc edilmiş materialların monitoriqinin aparılmasıdır.

“Ölkəmizdə əhalini keyfiyyətli və təhlükəsiz ərzaq malları ilə təmin etmək dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir.
Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Çünki insanların sağlam yaşamaları üçün düzgün qidalanma vacib şərtlərdən biridir.
Bu məsələləri nəzərə alsaq, qida zəhərlənmələrinin qarşısının alınması ilə bağlı əhaliyə yönəlik maairfləndirmə işinin daha da genişləndirilməsinin böyük ictimai əhəmiyyət kəsb etdiyini və günümüzün aktual məsələsi olduğunu vurğulaya bilərik”.

Qida zəhərlənmələrinin qarşısının alınması və qida təhlükəsizliyi ilə bağlı aktuallıq kəsb edən mövzularda hazırlanacaq maarifləndirmə yazıları tanınmış ekspertlər, həkimlər və rəsmi şəxslərin məsləhətləri əsasında hazırlanacaq.

Gununsesi.info