Qırğız siyasətçi: “Biz Talibanı, şəriət məhkəmələrini qəbul edə bilmərik” – VİDEO

  • By admin
  • 19 Avqust 2021 12:31

Qırğız siyasətçi Axunbay Koşoyev MediaTürk TV-yə müsahibə verib. 

Gununsesi.info xəbər verir ki, A.Koşoyev müsahibəsində Talibanın Mərkəzi Asiya dövlətləri üçün yaratdığı təhlükələrdən danışıb.

-Cənab Koşoyev Əfqanıstanda hadisələrin belə sürətlə nəzarətdən  çıxması və bu günkü səviyyəyə gəlib çatması çoxları üçün gözlənilməz oldu. Məhz bu səbəbdən bir çoxları baş verənləri əvvəldən hazırlanmış ssenari hesab edirlər. BMT Təhlükəsizlik Şurasının belə terrorçu təşkilat kimi tanıdığı təşkilata bir ölkəni təslim etmək kimin marağında ola bilərdi?

– Onillərdir ki, Əfqanıstanda müharibə gedir. Oradakı fərqli siyasi qruplar sülh anlaşması əldə edə bilmirlər və nəticədə qarşı duran tərəflər – hökumət və Taliban – ortaq məxrəcə gələ bilmədilər. Bu gün çoxları belə düşünür ki, bu vəziyyət Mərkəzi Asiyaya, bizim respublikalara – Özbəkistan, Qazaxıstan və Qırğızıstana da sıçraya bilər. Real təsirlərə gəldikdə isə bunun birbaşa KTMT-yə aidiyyatı var. Çünki Mərkəzi Asiya dövlətləri bu təşkilatın üzvüdürlər və qarşılıqlı müdafiə öhdəlikləri var. Problem olacaqsa, bu birbaşa KTMT-yə aiddir. Görünən odur ki, ABŞ bu bir neçə il ərzində Əfqanıstana guya kömək etməyə, stabil dövlət qurmağa çalışsa da bu onlarda alınmadı. Buna görə də hazırda şəriət qanunları ilə yaşamağa qərar verən və dünyəvi konstitusiya normalarını qəbul etməkdən imtina edən Talibanın digər ölkələrə sıçraması problem yarada bilər. Bu vəziyyət yalnız qardaş türk dövlətlərini deyil, Rusiyanı da narahat edir. Rusiya da çənəsinin altında fanatik fundamental dini cərəyanların qonşu olkələrə sıçramasında maraqlı deyil. Hesab edirik ki, Mərkəzi Asiya respublikalarındakı türk kökənli qardaşlarımızın taleyinin necə olacağı türk dünyasının liderləri, o cümlədən cənab Ərdoğanı da düşündürür. Bir sözlə mövcud vəziyyət bizim dövlətlərimizin ümumi müdafiə çətiri altında birləşdikləri KTMT başda olmaqla hər kəsi narahat etməlidir. Eləcə də türk dünyası da öz qardaşları, kökləri eyni olan, eyni mədəniyyət, oxşar dilə malik və tarixi yaxınlığı olan türk dövlətlərinin taleyi haqqında düşünməlidirlər.

-Taliblərin Əfqanıstanda hakimiyyəti ələ keçirməsi regiondakı türk dövlətləri üçün nə kimi təhdidlər yaradır?

-Mərkəzi Asiya əhalisinin yarıdan çoxu müasir hayat tərzinə can atırlar. Onlar fundamental dindarlığı qəbul etmirlər. Taliban bizim dövlətlərimiz istiqamətində genişlənmək qərarı versə bu problem ola bilər. O zaman həm Talibanla, həm də Mərkəzi Asiya dövlətlərinin özləri arasında problemlər ola bilər. Çünki Qırğızıstan olaraq biz bilirik ki, müəyyən bir qrup bizim ölkəmiz vasitisələ Özbəkistana keçməyə cəhd edib, amma bizimkilər buna imkan verməyiblər. Bütün dünya bilir ki, onlar xilafətlərini, dini əsaslı dövlət quruluşlarını yaymağa, belə dövlətlərin sayını artırmağa çalışırlar. Bu onların son on ildəki fəaliyyətlərindən açıq-aydın görünür. Amma hər bir suveren dövlət öz dövlətçilik sistemini özü müəyyənləşdirməli, hansı ideologiya ilə, fanatik – fundamental, yoxsa dünyəvi həyat tərzinə əsaslanmalı olduğunu müəyyənləşdirməlidir. Bax, bu məsələdə onlar arasında ziddiyyət ola bilər. Biz Orta Asiya respublikaları əlbəttə ki, Talibanı, şəriət məhkəmələrini qəbul edə bilmərik. Biz dünyəvi qanunları tanıyırıq, Mərkəzi Asiyanın türkdilli dövlətləri dünyəvi dövlət quruluşuna malikdirlər. Ona görə də qonşu ölkələr hesabına fundamental dini dövlət quruluşunu genişləndirmək istəkləri bizə xoş gəlmir. Düşünürəm ki, KTMT, türk dünyası buna yol verməyəcək. Bunun üçün yetərincə gücləri də, dövlət quruluşu haqqında düşüncələri də var. Əgər problem olsa belə çox rahat şəkildə həll edə bilərlər.

-Cənab Koşoyev bəzi ölkələr Kabildəki yeni hökuməti tanıdıqlarını bəyan etməslər də Əfqanıstandakı yeni rəhbərliklə əməkdaşlıq edə biləcəklərini istisna etmirlər. Sizcə Mərkəzi Asiya dövlətləri hansı mövqeni tutmalıdırlar?

-Bu onların hansı dövlət quruluşunu formalaşdırmalarından asılıdır.

-Onlar bildirblər ki, bu əmirlik olacaq, islam əmirliyi.

-Bu, Mərkəzi Asiyanının bütün dünyəvi dövlətlərinin quruluşu ilə ziddiyyət təşkil edir. Bizim ölkələrimizi də Əfqanıstanın son 30 ildə yaşadığı xaotik vəziyyətə salmalarına  imkan verməməliyik. Biz dövlətlərimizi xarici xilafətlər, əmirliklərdən müdafiə etmək qayğısına qalmalıyıq. Onlar suveren dövlət kimi dövlət quruluşlarını özləri müəyyən edir. Bizim dövlətlərimiz də bu gün yaşadıqları ideologiyaya uyğun yaşayacaqlar.

Hələlik məlum deyil, onlar hansı ideologiyaya əsaslanacaqlar. Amma istənilən halda onlarla diplomatik münasibətlər qurulacaq. Onlar loyal, dünyəvi dövlət ideologiyasına əsaslanarlarsa o zaman qarşılıqlı münasibətlər qurula bilər. Onlar öncə öz ideologiyalarına müəyyənləşdirməlidirlər. Biz isə öz ideologiyamızla yaşayacağıq. Mənə elə gəlir ki, bütün bizim Mərkəzi Asiya dövlətləri, onların prezidentləri də belə düşünür.

-Biz də düşünürük ki, onlar doğru qərar verəcəklər. Biz Orta Asiyadakı türk qardaşlarımıza sülh və əmin-amanlıq arzulayırıq. Sizə də suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Görüşənə qədər.

-Siz sağolun. Görüşənə qədər.

Gununsesi.info