Qırğızıstan KTMT təlimlərinin öz ərazisində keçirilməsindən imtina edib

Qırğızıstan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini ləğv etmək qərarına gəlib. AzadlıqRadiosunun qırğız xidməti ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, KTMT sülhməramlı qüvvələri ilə “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimləri 2022-ci ilin oktyabrında Qırğızıstan ərazisində keçirilməli idi.

HTML tutorial

Sentyabrın 14-17-də KTMT daxil olan Qırğızıstan və Tacikistan hərbçiləri arasında genişmiqyaslı toqquşma olub, nəticəsində 63 Qırğızıstan vətəndaşı həlak olub, 200-ə yaxını yaralanıb. Tacikistanla həmsərhəd kəndlərin 140 mindən çox sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Sentyabrın 18-də Qırğızıstan Xarici İşlər Nazirliyi öz bəyanatında Tacikistanı silahlı təcavüz aktında ittiham edib.

Eyni ittihamları Tacikistan Qırğızıstana qarşı da səsləndirib. Tacikistan Xarici İşlər Nazirliyi sərhəd münaqişəsinin 41 qurbanı olduğunu bildirib.

“Ozodi” radiosu (AzadlıqRadiosunun tacik xidməti) öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq ölən 74 Tacikistan vətəndaşının siyahısını dərc edib.

Digər müstəqil mənbələrdən Tacikistan tərəfdən qurbanlar və zərərçəkənlər barədə məlumatı təsdiqləmək mümkün olmayıb.

Həmin hadisələr zamanı Qırğızıstan hakimiyyəti KTMT-ni ölkənin Tacikistanla sərhədində yaranmış gərgin vəziyyətin həllində fəal iştirak etməyə çağırıb.

Qırğızıstan həmçinin KTMT-ni silahlı basqınların qarşısını almaq və dövlətlər arasında bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün nizamnamə sənədlərini dəyişdirməyə çağırıb.

Əsası 1992-ci il mayın 15-də qoyulan hökumətlərarası bu hərbi ittifaqa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan daxildir.

Gununsesi.info