Qırğızıstanda bir evdə Özbəkistana uzanan gizli tunel tapıldı – FOTO

  • By admin
  • 20 Mart 2024 17:04

Qırğızıstanın Özbəkistanla sərhədində kənd sakininin evində qeyri-qanuni miqrasiya və yük daşınması üçün istifadə edilən 130 metr uzunluğunda gizli tunel tapılıb. Ev sahibi saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin yaydığı açıqlamada Qırğızıstan-Özbəkistan sərhədində qeyri-qanuni immiqrasiya və yük daşımalarının aşkarlanması istiqamətində əməliyyat aparıldığı bildirilib. Bildirilib ki, əməliyyat nəticəsində Qırğızıstanın Çalal-Abad vilayətinin Suzak rayonunun Bek-Abad kəndindəki evdə iki ölkəni birləşdirən gizli tunel aşkarlanıb.

“Tunelin dərinliyi 15 metr, uzunluğu isə 130 metrdir. Tunelin Qırğızıstan dövlət sərhədinə qədər olan hissəsi 50 metr, hündürlüyü isə 1 metr 70 santimetr müəyyən edilib. Qeyri-qanuni immiqrasiya və yük daşımaları kanalını təşkil edən 38 yaşlı E.A. adlı evin sahibi nəzarətə götürülüb”, – deyə məlumatda qeyd olunur.

Bildirilib ki, hadisə ilə əlaqəsi olan və sözügedən tuneldən istifadə edərək sərhədi qanunsuz keçən şəxslərin, habelə qanunsuz keçirilən malların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Qırğızıstanın cənubundakı Cəlal-Abad, Oş və Batken bölgələri Özbəkistanla ortaq sərhədi paylaşsa da, iki ölkənin kəndlərinin bir-birinə çox yaxın olduğu sərhəd xəttlərində vaxtaşırı gizli tunellər aşkar edilir.

Gununsesi.info