Qırğızıstanda ‘xarici agentlər’ haqqında qanun qəbul edildi

  • By ilhame
  • 02 Aprel 2024 19:47

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyanın “Xarici agentlər haqqında” qanunundan geniş formada köçürüldüyü bildirilən “Xarici nümayəndələr haqqında” qanunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə Facebook səhifəsində məlumat verib .

Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları “xarici dövlətin agenti kimi” təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər. O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır.

“Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur”, – Japarov yazıb.

Qanun layihəsi qeyri-kommersiya təşkilatları üzərində dövlət nəzarətini gücləndirməyə imkan verir. Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT-lər “xarici nümayəndə” elan edilərək xüsusi reyestrə salınacaq.

Belə QHT-lərdən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, “xarici nümayəndələr” öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar.

Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT-lər hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər.

Kütləvi İnformasiya Vasitələrinin (KİV) hesablamalarına görə, qanun layihəsinin təqribən 70 faizi Rusiya qanunvericiliyindən köçürülüb, onun orijinal variantında cinayət məsuliyyəti haqqında müddəa olub, lakin sonradan çıxarılıb.

Bundan əvvəl fəallar, beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” və “Amnesty İnternational” qanun layihəsini tənqid edərək onun qəbul olunmamasına çağırıblar. Onlar bildiriblər ki, qanun Qırğızıstandakı əksər QHT-lərin bağlanmasına və beynəlxalq donorların ölkəni tərk etməsinə səbəb ola bilər.

Rusiyada “xarici agentlər” haqqında ilk qanun 2012-ci ildə qəbul edilib. Uzun müddətdir ki, reyestr yavaş-yavaş doldurulurdu, lakin Rusiyanın Ukraynaya təcavüzündən (2022-ci il) bir qədər əvvəl repressiyalar güclənib. Hazırda Rusiya hakimiyyəti qanunda tərifi çox qeyri-müəyyən olan “xarici təsir” altında olan hər kəsi xarici agent elan edə bilər.

Rusiya reyestrinə 570-dən çox “xarici agent” daxildir: fiziki şəxslər, media, QHT və hərəkatlar. Onların Rusiyada hüquqları məhduddur.

Keçən il Gürcüstan “xarici agentlər” haqqında öz qanununu qəbul etmək istəyirdi. Lakin kütləvi etirazlardan sonra Gürcüstan parlamenti bunu rədd etdi.

Gununsesi.info