Qırmızı dənizdə gərginlik: ABŞ və İngiltərə husiləri 403 dəfə hədəfə aldı

  • By admin
  • 15 Fevral 2024 10:16

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına başladığı yanvar ayından bəri 403 hücumla hədəf alındığını açıqlayıb.

Gununsesi.info bildirir ki, husilərin nəzarətində olan SABA agentliyində yer alan xəbərə görə, husilərə bağlı olan və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan Sənada yerləşən Yəmən hökumətinin sözçüsü Dayfullah əl-Şami məsələ ilə bağlı açıqlama verib.

Yanvar ayında ölkəyə qarşı hücumların başladığı gündən bu yana Amerika və İngiltərə döyüş təyyarələri və gəmilərinin Yəmənə qarşı həyata keçirdiyi hücumların ümumi sayının 403-ə çatdığını bildirən Şami bunların 203-nün hava hücumu olduğunu, 86-nın isə keçən həftə Yəmənə qarşı həyata keçirildiyini bildirib.

Xatırladaq ki, İranın dəstəklədiyi Yəməndə husilər 31 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri ticarət gəmilərini Yəmən sahillərində ələ keçirməyə və bəzilərinə pilotsuz hava gəmiləri və raketlərlə hücumlara başlayıblar.

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Gununsesi.info