
Yəməndə İranın dəstəklədiyi husilər xəbərdarlıqlara cavab verməyən İsrailə gedən Norveç neft gəmisini hədəf aldıqlarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri yazılı açıqlamada son iki gündə bir çox gəminin Qırmızı dənizdən keçməsinin qarşısı alındığını bildirib. Seri bütün çağırış və xəbərdarlıqlara laqeyd yanaşan, neft daşıyan və İsrailə gedən Norveç gəmisinin dəniz raketi ilə vurulduğunu qeyd edib.
Sözügedən hücumun Qəzzada “Fələstin xalqının blokadası və zülmünə cavab olaraq həyata keçirildiyini” bildirən Seri Qəzza zolağının ərzaq və dərman ehtiyacları təmin olunana qədər Qırmızı dənizdən İsrail limanlarına gedən bütün gəmilərin hədəf alınacağını deyib.
İngiltərə Dəniz Agentliyinin sosial media hesabından verilən açıqlamada Yəmən sahilləri yaxınlığındakı Bab əl-Məndəb boğazında bir gəminin hədəf alındığı bildirilib. Məlumatda təfərrüata yer verilmədən hərbi rəsmilərin zədələnmiş gəmiyə yardım çatdırdığı, gəminin və heyətinin “təhlükəsiz” olduğu qeyd edilib.
Yəməndəki husilərin lideri Əbdülməlik əl-Husi noyabrın 14-də televiziya çıxışında Qırmızı dənizdə İsrail gəmilərini hədəfə ala biləcəkləri ilə hədələyib.
Husilərin hərbi sözçüsü Yəhya Seri noyabrın 19-da X sosial media hesabından yaydığı açıqlamada İsrailin blokada altındakı Qəzza zolağına hücumlarına cavab olaraq İsrail bayraqlı istənilən gəmini hədəf alacaqlarını açıqlayıb. Daha sonra husilər Bab əl-Məndəb boğazında İsrailin “Unity Explorer” və “Number Nine” adlı iki gəmisinə PUA və raket zərbələri endirib.
İsrailin ZIM gəmiçilik şirkəti də noyabrın 29-da verdiyi açıqlamada Oman dənizi və Qırmızı dənizdəki təhlükəsizlik vəziyyətini əsas gətirərək gəmilərinin Misirdə Süveyş kanalından istifadə etməyəcəyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dekabrın 4-də X sosial media platformasında Qırmızı dənizin cənubunda beynəlxalq ərazi sularında 3 ticarət gəmisinə 4 hücumun həyata keçirildiyini açıqlayıb.
Açıqlamada, Qırmızı dənizin cənubunda ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Carney” esminesinin kommersiya gəmilərinin kömək çağırışına cavab verdiyi və esminesin gəmilərə kömək edərkən özünə doğru irəliləyən 3 PUA-nı vurduğu bildirilib.
Gununsesi.info