Qırmızı donlu qoyunlar -LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 07 Avqust 2019 20:11

Bu günlərdə facebook dostlarımdan birinin səhifəsində maraqlı bir şəkil gördüm. Qurbanlıq qoyun paltarı. Sən demə təzə xəbər deyilmiş. Bakıda illərdir qoyunlar üçün hər cür paltar satırlar, sadəcə mən xəbərsizəmmiş. Açdım interneti, pəhhh, şair demişkən, al qırmızı bəzən durna…Qurnalıq qoyunların qarderobu zənginlikdə bizimkini ötüb keçibmiş ki… Qırmızı don, qırmızı başmaq, qırmızı tac..qısası, gəlin köçən qızlarımızın qapısına aparmaq üçün bundan yaxşı qoyun tapmaq mümkün deyil. Şəkilləri heyrət içində seyr edirdim ki, bir gənc qurbanın intiharı xəbəri yayıldı. Cəlilabadın Əliqasımlı kəndində 17 yaşlı qız özünü asıbmış. Cəmi bir neçə gün qabaq Zaqatalanın Əliabad kəndində canına qıyan həmyaşıdı Gülər İsmayılova kimi. Hər ikisi də zorla ərə verildikləri üçün bu addımı atıblar. Yəni, qurbanlıq olmaq istəməyiblər. Qırmızı paltarlı qurbanlıq qoyunların onların qapısında kəsilməsini arzulamayıblar.

Məntiqlə bir aydan, bir ildən sonra atacaqları addımı bəri başdan atıblar. Açığı, dəhşətli bir faktdır. Və bu dəhşəti kimlə bölüşəcəyini belə bilmirsən. Cəfər Cabbarlının “Gülər”indən də betər durumdadır gülərlərimiz. Üstəgəl vəziyyət il ildən də pisləşir. Məsələn, yenə də bu günlərdə məlum olub ki, son 5 ildə ölkədə 7 min gənc ali məktəbə daxil olsa da, ali təhsildən imtina etmək məcburiyyətində qalıb.

Rəqəmi təhsil eksperti Kamran Əsədov səsləndirib.

“Məsələnin ictimailəşməsində isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekani Mahirə Nağıqızının sosial şəbəkə paylaşımı ciddi rol oynayıb. Mahirə xanım facebook səhifəsində yazıb.“İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün… İçim yanır!”. BUndan sonra 525-ci qəzetin baş redaktoru Rəşad Məcid maraqlı təkliflə çıxış edib.

İqtisadçı ekspert Qadir İbrahimli isə dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl unversitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır deyərək maarqlı bir analogiya gətirib. Sitat. “Təsəvvür edin ki, orta aylıq gəliri 500—600 manat olan ailənin övladı Tibb Universitetinə daxil olub. ATU-də təhsil haqqı isə 5500 manatdır – ailənin 1 illik gəliri səviyyəsində. Ümuiyyətlə, unversitetlərdə təhsil haqqının hansı kriteriyalarla müəyyənləşməsi bəlli deyil – hər rektor xəyalına uyğun təhsil haqqı müəyyən edir. Qızımın daxil olduğu Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə əcnəbilərə təhsil haqqı 2000 lirədir – 610 manat. BDU-da eyni ixtisas üzrə yerli tələblərə illik təhsil haqqı 2500 manatdır – düz 4 dəfə çox. “

Ekspert “Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad edilməsi barədə qərar qəbul edəydi” təklifi ilə də çıxış edib. Hökümət isə bu il dövlət sifarişli yerlərin sayını təxminən 65 faiz artırıb.Təhsil nazirinin müavini İdris İsayev deyib ki, hər il tələbə qəbulu üçün təxminən 12 300 dövlət sifarişli yer təsdiq olunurdusa, 2019-2020-ci tədris ilində bu göstərici 20 400-ə yaxın olacaq. Bu artımla daha 8 minə yaxın tələbə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil almaq imkanı əldə edəcək.

Amma əlbəttə Azərbaycanda hələ ki,tələbələrin ödənişli təhsildən bütünlüklə azad edilməsi haqda düşünmürlər. O səbəbdən də vəziyyətdən çıxış yolları düşünülür. Ekspertlər təhsil kreditinin verilməsi məsələsini gündəmə gətirirlər. 525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə daha orijinal bir təklif verib. “Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O “qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bir-iki tələbəni sevindirib savab qazanın! -deyə Qurban bayramı ərəfəsində zəngin adamlara müraciət edib. Qurbanlıq qoyunlara qırmızı paltar geyindirən qövmüm 525-ci qəzetin baş redaktorunu eşidəcəkmi? Bu sualın azı 525 də cavabı var. Kaş ki, eşidəydilər. Yoxsa qırmızı donlu qoyunlara yazıq….

Ləman Ələşrəfqızı

Xüsusi olaraq,Gununsesi.org üçün