
Xeyli müddətdir ki, ölkə ərazisində şaxtalı-soyuq hava şəraiti hökm sürür. Hətta, builki qış ərəfəsində son 10 ilin ən dəhşətli soyuğu olacağı da söylənilir. Bəs görəsən, aidiyyəti qurumlar – payız mövsümünə necə hazırlaşıb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin inkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov Gununsesi.info-ya açıqlamasında bildirir ki, adətən yay mövsümündə meşələrdən odun tədarükü edilməyə başlanılır. Cari ildə ETSN tərəfindən kökü üstə qurumuş, xəstə, yaşı ötmüş və meşələrin tör-töküntülərdən təmizlənməsi hesabına 36 min kub metr həcmində odun tədarükü edilib.
Onun sözlərinə görə, tədarük edilmiş odunun 5 min kub metri Müdafiə Nazirliyinə, 3 min kub metri isə Sərhəd Qoşunlarının hərbi hissələrinə verilib: “Yerdə qalan 28 min kub metr odun isə səhiyyə, təhsil, eləcə də əhalinin tələbatı üçün nəzərdə tutulub”.
Nazirlik rəsmisi qeyd edib ki, nəzərdə tutulan odun tədarükü rayon icra hakimiyyətlərinin bölgüsü əsasında əsasən dağ regionunda yerləşən və qazlaşdırılmayan kəndlərdə əsasən imtiyazlı şəxslərə, səhiyyə ocaqlarına, təhsil müəssisələrinə qış aylarında istifadəsi üçün verilib: “Biz konkret olaraq təhsil və səhiyyə müəssisələrinə oduna olan tələbatın həcmini bilmirik. Bunu rayon icra hakimiyyətlərinin rəhbərlikləri bilirlər. Biz sadəcə, tələbata uyğun olaraq rayonlar üzrə bölgünü ayırırıq”.
S. Salmanov xatırladıb ki, adıçəkilən nazirlik keçən il də eyni həcmdə, yəni, 36 min kub metr həcmində odun tədarük edib:
“Artıq ölkənin 80 faizi qazlaşdırılıb, orada məhdud sayda dağ kəndləri qalıb ki, onlara da təhsil və səhiyyə müəssisələri də daxil olmaqla kənd əhalisi odunla təmin edilir”.
Anar
Gununsesi.info