Qısqanc ər arvadının qulağını kəsdi

  • By admin
  • 02 Fevral 2017 08:58

_93906257__93902256_img_8850

Şimaldakı Bəlx əyalətindən olan 23 yaşlı əfqan qadın BBC-ə ərinin onun əl-ayağını bağlayıb qulaqlarını kəsməsindən danışıb. Zarina adlı bu qadın hazırda xəsarətli, lakin sabit durumda xəstəxanadadır.””Mən heç bir günah iş tutmamışam, – deyir qadın, – Bilmirəm ərim məni niyə bu hala salıb”.

Polis yerli mediaya bildirib ki, qadının əri hadisəni törətdikdən sonra Kaşinda rayonundan qaçaraq gizlənib. Zarina Pajvok agentliyinə deyib ki, əri onu qəfil yuxudan oyadaraq heç bir səbəb olmadan ona hücum edib. O BBC-ə deyib ki, 13 yaşında olarkən ərə verilib və “əri ilə münasibətləri heç də yaxşı olmayıb”. Tolo News xəbər agentliyinə verdiyi başqa bir müsahibədə Zarina şikayətlənib ki, əri onun öz valideynləri ilə görüşməsinə icazə vermir. Qadın deyib ki, daha əri ilə yaşamaq istəmir. “O hər şeydən şübhələnən adamdır və mən valideynlərimi görməyə gedəndə məni başqa kişilərlə söhbət etməkdə günahlandırırdı” – deyib Zarina.

Qadın ərinin həbsini və mühakimə edilməsini tələb edir.

Zarinanın başına gələnlər Əfqanıstanda qadınlara qarşı törədilmiş hay-küly məişət zorakılıqlarından sonuncusudur:

  • 2016-cı ilin yanvar ayında Fəryab vilayətinin Gormaç rayonunda Reza Gul adlı gənc qadının burnu əri tərəfindən kəsilib
  • 2015-ci ilin noyabrında Gor vilayətində bir gənc qadın sədaqətsizlikdə günahlandırılandan sonra daşqalaq edilərək öldürülüb
  • 2015-ci ilin martında kabilli gənc qadın Farxunda Quranı yandırdığına dair saxta iddialarla qaragüruh tərəfindən döyülüb və yandırılıb
  • 2014-cü ilin sentyabrında mərkəzi Daykundi vilayətində polisin dediyinə görə bir kişi mətbəx bıçağı ilə arvadının burnunun bir hissəsini kəsib. Onun həbs olunub-olunmadığı bilinmir
  • 2010-cu ildə əhvalatı Time jurnalının üz qabığında çap olunmuş Ayşanın əri, o 18 yaşındaykən evdən qaçdığına görə onun burnunu və qulaqlarını kəsərək eybəcər hala salmışdı

Əfqanıstan hökuməti məişət zorakılığına məruz qalan qadınların müdafiəsi məqsədilə dəfələrlə qanunvericilik qəbul etməyə çalışıb.

Lakin prezident Həmid Karzay, hətta parlamentin hər iki palatasından keçdikdən sonra da belə bir qanunu imzalmağa ya gücü çatmamışdı, ya da bunu istəməmişdi.

Məsələn, 2014-cü ildə onun bu qanunvericiliyə etdiyi təklif tənqidçilərin fikrincə qurbanları üçün ədalətin imkanlarını xeyli məhdudlaşdırırdı.

Cənab Karzayın xələfi Əşrəf Qani də parlamentin aşağı palatasından hələ noyabr, yuxarı palatasından isə dekabr ayında keçməsinə baxmayaraq qadın və uşaqları zoraklılıq və qısnamadan müdafiə etməli olan bu qanunu imzalamağa tələsmir.