Qiyabi təhsil alanlara da hərbi xidmətə çağırışdan möhlət verilə bilər

  • By Admin2
  • 13 Mart 2026 16:51

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif olunur.

Gununsesi.info-nun xəbərinə görə, dəyişikliyə əsasən, qiyabi təhsil alan şəxslərə də hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulur.

Təklifə görə, qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) müvafiq dəyişiklik edilərək qiyabi təhsilalma formasında təhsil alan şəxslərin də çağırışa möhlət hüququndan istifadə etməsi təmin ediləcək.

Dəyişikliyin məqsədi təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən vaxtında reallaşdırılması və bununla yanaşı vətəndaşların bərabərlik hüququnun təmin edilməsidir.

Layihə qəbul ediləcəyi halda, qiyabi formada təhsil alan şəxslər də təhsillərini davam etdirdikləri müddətdə hərbi xidmətə çağırışdan möhlət almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info