
Təbii qaz və elektrik enerjisi üzrə taariflərin artırılması bütün abonentlərə öz mənfi təsirini göstərəcək.
Noyabrın 28-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclasında təbii qazdan və elektrik enerjisindən istifadə üzrə xidmət haqları yenidən bahalaşıb. Sözügedən bahalaşma ölkə ictimaiyyətində ciddi narazılıq və narahatlıq doğurub. Məlum qiymət artımı barədə qəbul edilən qərarın ictimaiyyətə açıqlanmasından sonra ayrı-ayrı sosial şəbəkələrdə bahalaşmaya etiraz edənlərin sayı durmadan artır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Gununsesi.info-ya bildirib ki, elektrik enerjisindən və təbii qazdan istifadə üzrə tariflərin artırılması bütün abonentlərin həyatına öz mənfi təsirini göstərəcək: “Biz hər zaman demişik ki, “Bir daha qalxan qiymətlər, bir daha enməz!”. Bu gün qiymətlər sürətlə qalxır, manat dolları qarşısında dəyər itirir. Bu əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Bir yandan da kommunal xidmətlərin tarifləri sürətlə qalxır. Təbbi ki, qiymət artımı daha çox əhalinin aztəminatlı təbəqsinə təsir göstərəcək. Çünki qiymət artımı təchizatçıya xeyir gətirəcək, istehlakçı isə soyulacaq. Medalın iki üzüdür xidmət göstərən və istehlakçı. İstehlakçı itirəndə qarşı tərəf qazanır, ya da əksinə. Bütün bunlara baxmayaraq keyfiyyətdə hər hansı bir dəyişiklik baş verməyəcək”.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə Gününsesi.info-ya açıqlamasında qeyd etdi ki, qiymət artımı aztəminatlı əhalinin həyat səviyyəsinə mənfi təsiri olacaq: “Amma sənəddə yazılanları diqqətlə oxusanız görərsiniz ki, qiymət artımı əhalinin bir çox katiqoriyasına aidiyyatı olmayacaq. Sənəddə dəqqiliyi ilə qeyd olunub ki, bu illdən 250 klovatdan artıq enerji sərfiyatı olarsa, o zaman qiymətlər fərqli olaraq hesablanacaq. Ümumiyyətlə kütləvi informasiya vasitələrində dərc olunan məlumatlar tam olaraq anlaşılmır. Məlumatda belə başa düşülür ki, qiymət artımı əhalinin bir çox katiqoriyasına aidiyyatı olmayacaq”.
Onun dediyinə görə, qiymət artımında əsas məsələ büdcə məsələsidir. Büdcəmiz çox pis vəziyyətdədir: “Belə ki, Azərbaycanda iqtisadi böhran höküm sürür və bu proses hələ davam edir. Bunun cavabı olaraq müəyyən tədbirlər görülməlidir ki, büdcə stabitləşsin. Büdcə ilə bir çox sosial problemlər, təhlükəsizlik məsələlərin həlli və s. Büdcəni doldurmaq üçün müəyyən addımlar atılmalıdır və düzgün olaraq da atılır. Dünya praktikasına nəzər yetirsəniz görərsiniz ki, orda da müxtəlif katiqoriyalar üzrə ayrı-ayrı tariflər tətbiq olunur. Bu yanaşmanın özü ədalətli bir yanaşmadır. İndi hər şey öz yerini tutmalıdır. Kasıbın bir problemi, dövlətlinin isə öz problemi var. Hökümət də bütün bunları nəzərə alaraq bu tarifləri tənzimləməlidir”.
Xatırladaq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Anar
Gununsesi.info