Qiymətlər bahalaşır, inhisarçılar meydan sulayır… – Bəs, hökümət nə etməlidir?

  • By admin
  • 16 Mart 2021 10:33

Novruz bayramının yaxınlaşması özünü həm də qiymət artımı ilə göstərməkdədir. Bu isə haqlı olaraq narazılıq yaradır. 

Elə ötən həftə Milli Məclisin deputatı Əli Məsimli də süni bahalaşmaya etiraz edənlərdən biri olub.

“Qiymət artımlarında, bahalaşmada monopoliya, inhisarçılıq çox mühüm rol oynayır. Bu halların hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığığa qarşı ciddi ölçülər götürülməlidir” – deyə, millət vəkili bildirib.

Maraqlıdır, süni bahalaşmanı kimlər yaradır? Bunun qarşısını almaq mümkündürmü?

Valyuta.az ən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-ekspert Elşad Məmmədov Sfera.az açıqlamasında bildirib ki, süni bahalaşmanın qarşısını almaq üçün ilk növbədə aidiyyatı dövlət qurumları, xüsusilə antiinhisar siyasəti ilə məşğul olan, istehlak bazarına nəzarəti təmin etməli olan İqtisadiyyat nazirliyinin qurumları effektiv fəaliyyət göstərməlidir:

“Nəzərə almaq lazımdır ki, hər dəfə bayramlar ərəfəsində inhisarçı qurumlar tərəfindən qiymətlərin süni şəkildə artırılma prosesi həyata keçirilir. İstehlakçılar, son nəticədə həm də dövlət bu prosesdən zərər çəkir. Ona görə də fikrimcə, dövlət qurumlarının effektiv fəaliyyətinə ehtiyac var. Bununla yanaşı, birbaşa istehsalçıların vasitəçilər olmadan istehlakçılarla ünsiyyətinin qurulması zəruridir. Çünki bir çox hallarda vasitəçilər məhsul istehsalçılarından dəfələrlə çox mənfəət götürür. Bu da istehlak bazarında çox ciddi problemlərə səbəb olur”.

Ekspertin sözlərinə görə, bir tərəfdən inhisarçılar var, digər tərəfdən isə ticarət kanalları ölkədə lazımi səviyyədə işləmir:

“Ticarət kanalları faktiki olaraq ticarət sektorunun istehsal sektoruna nisbətən daha çox mənfəət götürməsinə şərait yaradır. Bu baxımdan ən mühüm məsələlərdən biri ticarət kanallarının təkmilləşdirilməsidir. İstehsalla istehlak arasındakı əlaqədə ticarət bir halqadır. Amma o halqa həm istehsalçıya, həm də alıcıya diktə etməməlidir. O, yalnız vasitəçidir və burada onun mənfəəti cüzi faizlərlə ölçülməlidir. Bizdə isə görürük ki, məsələn, kənd təsərrüfatı istehsalçısı məhsulunu 40 qəpiyə satır, lakin son nəticədə daşınma sahəsindəki inhisarçılıq mövqelərindən istifadə edərək bazara həmin məhsulu 2-3 manata çıxarır. Bu amillər mütləq şəkildə aradan qaldırılmalıdır”.

Müsahibimiz hesab edir ki, bu istiqamətdə dövlətin rolu artırılmalıdır:

“Biz dövlətin rolu azalsa, bazar iqtisadiyyatında rəqabət olacağını, bu şəraitdə qiymətlərin düzgün tənzimlənəcəyi haqqında çox danışa bilərik. Amma ən mühüm məqamlardan biri odur ki, hər şeyi bazarın öhdəsinə buraxsaq, orada inhisarçıların mövqeyinin möhkəmləndiyini, qiymətlərin alıcılar üçün əlçatan olmamasını görəcəyik. Dövlət prosesdə tənzimləyici, idarəedici funksiyasını icra etməlidir. Dövlət də hansısa inhisarçıların deyil, şübhəsiz ki, ilk növbədə dövlətin və istehlakçıların, istehsalçıların marağından çıxış etməlidir. Bu o demək deyil ki, ticarət şəbəkələrində mənfəət formalaşmamalıdır. Ticarət şəbəkəsi rəqabət mühitinə və istehsalla istehlak arasındakı effektiv halqaya çevrilməlidir. Bu olarsa, dövriyyə də artar, o zaman nəticədə iqtisadiyyatımız daha effektiv inkişaf edər”.

Gununsesi.info