“Qızıl Xaç” hökumətin ittihamlarını təsdiqlədi - Ermənilər "kommersiya xarakterli" mal keçirməyə cəhd ediblər

Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın koridoru ilə ‘bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir”, qurumun çərşənbə axşamı yaydığı açıqlamada deyilir.

Gununsesi.info xəbər verir ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus tibbi təxliyyə avtomobillərində Ermənistandan Qarabağa “qanunsuz olaraq mobil telefonların, siqaret və avtomobil yanacağının daşınmasına” cəhd edilib və buna görə də Laçın sərhəd buraxılış məntəqəsini “müvəqqəti olaraq” bağlayıb.

Qurumun açıqlamasına görə, aşkar olunan qaçaqmalçılıq halları ilə bağlı BQXK-ya xəbərdarlıq edilməsinə baxmayaraq, “qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addım atılmayıb”.

BQXK-nın yaydığı məlumatda açıqlanır ki, onlara məxsus “heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib və bütün humanitar yüklər Azərbaycan gömrük orqanları tərəfindən yoxlanılır”.

“Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər”, qurum bildirir.

BQXK sözügedən şəxslərin qurumun əməkdaşları olmadıqlarını və onlarla olan xidməti müqavilələrə dərhal xitam verildiyini deyir.

“Bizim Laçın koridoru boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasiyentin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”, “Qızıl Xaç” bəyan edib.

Azərbaycan iyunun 15-də Ermənistanla sərhəddə baş verən silahlı insidentdən sonra Laçın sərhəd buraxılış məntəqəsini bağlasa da, iyunun 25-dən etibarən oranı tibbi təchizat və xəstələrin daşınması məqsədilə yenidən açmışdı.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərində siqaret və telefon məhsullarını gömrüyə bəyan etmədən keçirilməsinin qarşısını alıb.

 

Gununsesi.info