Özlərindən əvvəl olan ədəbi nəsli, daha dəqiq, Anarları, Çingizləri, Elçinləri və.sairələri tənqid edən gənc yazıçı-şairlərə tez-tez “Onlar çox böyük yazıçılardır, onlar dünyaya çıxarılası adamlardır” və.s kimi sözlər də deyilir.
Əlbəttə, bu cür sözlərin hər biri olduqca haqsız, olduqca mənasız və romantik pafosdur.
Sözsüz, bu isterika daha çox yaşlı nəsil arasındadır və söhbətin kökü də Sovet ədəbiyyatına dayanır. Sistemin gücünə Sovetlərdə böyük tirajla çap olunan, tanınan adamlar müstəqillik qazanılan kimi itdilər, unuduldular, mənəvi olaraq öldülər.
Məlum oldu:
Onları beş-on yerdə tanıdan ədəbiyyatları yox, sistem, sistemə etdikləri köləlik imiş.
Əlbəttə, zaman və dəyərlər, oxucu, mütaliə məsələləri də dəyişdi, amma yüzminlərlə tirajı olan, guya hər yerdə tanınan adamların 300 tirajı güclə çıxdı. Bəs bütün bunlar həm də yalançı mənzərəni göstərmirmi?
Bəli, bu da məlum oldu:
Hər şey yalan imiş, romantika imiş, boş imiş.
Demək, dünyaya çıxmaq üçün başqa vasitələrdən əlavə böyük istedad lazım imiş. Təəssüf, heç o da bizim qocaman yazıçılarda yox imiş.
Baxmayaraq, Anargillər, Elçingillər, Çingizgillər həm vəzifəli, həm də təbii olaraq məmurluq etdiklərinə görə pullu idilər, yaxşı əlaqələri var idi, amma onların da heç biri dünyaya çıxa bilmədi. Çünki dünya üçün onların yağışlı bir gündə kənddən şəhərə gələn mağmun tələbə obrazı maraqlı deyildi. Dünya üçün onların fahişə obrazları, əslində, elə əxlaqlı imiş.
Dünya belə söhbətləri əsrlər əvvəl aşıbmış, bizim qocaman yazıçılar da qalıblar altında.
Əlbəttə, sual oluna bilər: “Dünyaya çıxmaq necə olur?”
Sadə izah:
Doğrudan da sənin kitabın çap olunur, onu tərcümə edirlər, başqa ölkələrdə çap olunursan, maraqlı qarşılanırsansa, səni yazıçı hesab edirlərsə, yenə yazırsan, çap olunursan, əməkdaşlıq müstəvisi başlayır, müqavilə, qonorar, tanınmaq, dəvətlər və nüfuzlu, həqiqi mükafatlar.
Heç nə, bizim adda dünyaya çıxan qocaman yazıçılarımız ən yaxşı halda qonşu ölkələrin QHT-lərindən gic-gic mükafatlar, ora-bura üzvlüklər qazandılar, onlar da heç özlərinə belə lazım deyil.
Konkret fakt:
Gənclərin, oxucuların bəh-bəhlə ustad, böyük yazıçı dedikləri adamların, o ədəbi generalların havası var. Əlbəttə, heç kim onların hamısının pis, bütün əsərlərinin də zibil olduğunu demir, amma o əsərlərin ortabab, sadəcə, Azərbaycan insanı üçün yaxşı olduğunu demək olar. Elə ancaq Sovet dövründə yazılan üç-beş cümlənin çörəyini yeyən adamlar müstəqillikdən sonra yaza bilmədilər. Yəni, yazdılar, amma o cümlələr, o əsərlər təbliğ edilmədi və böyük istedad tələb edən məsələlər deyildi deyə itib-batdı.
Axı bu adamların bəzilərinin kitabları onlarla xarici ölkədə də çap olunur. Məsələn, guya gedirsən dünyanın harasınasa, orada girirsən istənilən bir mağazaya və Çingiz Abdullayevin kitabını görürsən, bununla da səni sel aparır. Amma qətiyyən belə deyildir. Sözsüz, Çingiz Abdullleyin bir çox ölkədə kitabı var, amma o yenə də dünyaya çıxmayıb. Təəssüf, Azərbaycanda elə bilirlər, dünyaya çıxmaq xarici ölkədə çap olunmaqdır. Adam var, elə bilir, İranda, Türkiyədə 300 tirajla çap olunaraq dünyaya çıxıb. Özü də, ya çap pulunu özü verir, ya da hansısa əlaqə kömək edir.
Bizdə “dünyaya çıxan yazıçılar” seriyası dünyaya “prosta” gediblər. Özləri. Öz ayaqları ilə. Onları dünyaya dəvət etməyiblər, belə bir təşəbbüs olmayıb.
Hansı qocaman yazıçımızın dünya üçün maraqlı obrazı var? O hansı obrazdır, Amerikada gənc bir oğlan oxuyub deyər, “ohh, my god”?
Fransızın, italyanın, amerikalının, norveçli oxucunun nəyinə lazımdır Təhminə və Zaur kimi düşük bir obraz? Onların fahişəsimi yoxdur? Dərinə gedəndə, fahişələri fahişələrimizdən daha maraqlı, kəndləri kəndlərimizdən daha gözəldir. Amerikada Ştatdan ştata köçən adamın nəyinə lazımdır kənddən gəlib tələbə yataqxanasında səy-səy hərəkətlər edən adam?
Bir sözlə, bu həzin sonları çoxdan gəlmiş adamlar haqqında danışanda ayağı qazdan götürmək lazımdır. Bu gün ortabab istedadı olan bir gənc Anarlardan, Çingizlərdən daha yaxşı yazır, düşünür, maraqlı olur. Vallah, onların adlarından, mükafatlarından qorxmaq lazım deyil. Çox adam şəxsən bundan qorxur. “Pis yazsa, xalq yazıçı olmazdı”, “Pis yazsa, bu qədər adam tanımazdı, mükafat almazdı” düşünür. O əsərlər ən yaxşı halda keçmişdir, yüngülvari tarixdir, klassikanın bir aşağı levelidir. Gələcəkdə xatırlananda “Beləsi də var” sözüdür.
Ona görə də bu qoca məmurlara, o Sovet kölələrinə çox da qulaq asmaq, onların ədəbi məsləhətlərinə əməl etməmək lazımdır. Onlar ancaq özlərinə ustad deyilməsini, məclisdə hörmət edilməsini istəyir. Onların böyük yazıçı olmaq deyə bir iddiaları, istəkləri yoxdur. Onlar çoxdan ölüblər.
Orxan Saffari
Gununsesi.info