Qorxulu vulkan püskürməsi: Şəhər boşaldıldı – FOTO

  • By admin
  • 15 Yanvar 2024 10:02

İslandiyanın Reykyanes yarımadasındakı Qrindavik şəhəri yaxınlığında vulkan püskürməsi baş verib. Vulkandan püskürən lava səbəbindən şəhər boşaldılıb.

Gununsesi.info xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin (IMO) açıqlamasına görə, Reykyanes yarımadasında vulkan püskürməsi Qrindavik şəhəri yaxınlığında baş verib. Açıqlamada vulkanın qəsəbədə baş verən zəlzələlərdən sonra püskürdüyü, qəsəbə sakinlərinin təxliyə edildiyi bildirilib.

CNN-in məlumatına görə, İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi rəsmilərindən Hjordis Qudmundsdottir qeyd edib ki, şəhəri lavadan qorumaq üçün tikilən divarlar davamlıdır, lakin lava infrastruktura zərər verə bilər.

Vulkandan çıxan lava şəhərin mərkəzinə düşüb. Sosial mediada paylaşılan görüntülərdə alovların evlərə çatdığı görülüb.

IMO öz məlumatında Reykyanes yarımadasındakı vulkanın dekabrın 18-də püskürdüyünü bildirib. İslandiya Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsi rəsmilərindən Vidir Reynisson ölkədə yayımlanan RUV televiziyasına verdiyi açıqlamada lava axınına toxunaraq hadisənin bölgə üçün “böyük partlayış kimi” olduğunu bildirib.

İslandiyada baş verən ardıcıl zəlzələlərdən sonra vulkan püskürməsi ehtimalına qarşı noyabrın 11-də “fövqəladə vəziyyət” elan edilib. Səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərinin boşaldılmasına qərar veriblər. Ancaq 22 dekabr 2023-cü ildə şəhər sakinlərinə evlərinə qayıtmağa icazə verildiyi elan edilib.

Gununsesi.info