“Biz Mövludla məktəbdə incidilən bir uşaq üçün, satdığı limon vedrəsi dağıdılan qadın üçün, işsiz qalan, övladının yanında boynunu bükən atalar üçün, evə çörək aparan balaca qızların maaşı kəsiləndə düşdüyü vəziyyət üçün, sağ çıxdığımız yanğında ölən balaca Ayxanın, Fərəhin əvəzinə günahkarların üstünə bağıra bilmədiyimiz üçün, haqsız yerə həbs olunan Rəşadətin balası Araz üçün, Elnur Astanbəylinin oğluna velosiped almaq arzusu üçün… baş-başa verib ağlayan adamlar olmuşuq”.
Gununsesi.info xəbər verir ki, bunu bugünlərdə faciəli şəkildə dünyasını dəyişmiş mərhum Mövlud Mövludun həyat yoldaşı- tanınmış jurnalist Sevinc Fədai öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, Mövlud bütün haqsızlıqlara susurdu, içinə atırdı, birdən işimdən olaram, uşağımı çörəksiz qoyaram deyirdi.
“Qorxma deyirdim, qorxma. Acından ölməyəcəyik. Amma onun vuruşmağa gücü çatmırdı. Deyirdi Sevinc, gücüm sənə çatır ancaq, bağışla hər şeyin acığını səndən çıxıram. Mən hamısını bağışlamışam, Mövlud, rahat uyu. Amma mən susmayacam, Mövlud. Qorxmayacam. Hə, sən 17-ci mərtəbədən özünü mənə görə atdın, amma ömründə bircə dəfə qorxmadan səni o yüksəkliyə qədər çıxaran, həm də pillə-pillə, aram-aram çıxaran bütün səbəbləri yazacam. Mövludlar üçün, ucallar üçün, indi sənin ölümünə hamıdan çox yanan dostun Bəxtiyar Hidayət üçün, hidayətlər üçün yazacam. Qorxma, Mövlud, biz acından ölməyəcəyik. Ölsək də, qoy acından ölək, 17-ci mərtəbədən atmayacağıq özümüzü, canımızı, canları yandırmayacağıq. Sənin canını yaxan, cibindən çıxan qəpiklərdən qorxub bu ölümün üstündən alver edən aynurların canını yandıracam. Sənin ürəyində özünlə apardığın sözlərlə yandıracam onların canını…”-deyə, qeyd edən S. Fədainin yazdığına görə, onlar bilmir, Mövlud, onlar bilmir ki, sən hər şeyi görüb o gözəl, uşaq gülüşünlə gülür, yenə də ironiya edirsən onlara.
“Onlar bilmir ki, sənə işdə nankor deyə arxanca bağıran qadına toyda sağlığına badə qaldırırdın. Acıqlanıb səbəbini soruşurdum, deyirdin, aaay Sevinc, bədbəxt, yazıq qadındı, qoy sevinsin də… Qoy sevinsinlər, gözəlürəkli Mövlud! Sənin adından bir badə də mən qaldıracam, bir sağlıq da mən deyəcəm onların sağlığına!
Məni müdafiəyə qalxmayın burda, dostlar, lütfən. Axı nəyin savaşıdır bu? Dedim axı narahat deyiləm, Mövlud hər şeyi bilir çünki. Mənim savaşım başqa savaş olacaq…. Qorxun məndən, vicdanımın təmizliyindən, Mövludun qanatdığı yaramdan, Ucalın verdiyi gücdən, bir anadan, bir qadından qorxun!”
Gununsesi.info