Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin və qardaşlarının biznes şəbəkəsi barədə məlumatlar yayılıb.
Gununsesi.org xəbər verir ki, məlumatları jurnalist Cavanşir Həsənli dərc edib. Həmin siyahını təqdim edirik:
1. Qoşqar Təhməzli 2008-ci ilin fevralında 1000 manat nizamnamə kapitalı ilə NƏRİMANOV RAYONU, İSMAYIL HİDAYƏTZADƏ ev.MƏH., 1911 hüquqi ünvanında qeydiyyatdan keçmiş “MEDEKS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər həmtəsisçisi Əhmədi Cavad İrəc oğludur.
2. Qoşqar Təhməzli digər şirkəti BÜRÜNC LARBA MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2006-cı ilin yanvarında qeydiyyatdan keçirib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, İZZƏT HƏMİDOV, ev 3-dür.
3. Onun təsisçisi olduğu YOSKOS KO. LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə bundan bir ay sonra, 2006-cı ilin fevralında qeydiyyata alınıb. Hüquqi ünvanı XƏTAİ RAYONU, YERYOMENKO, ev 15-dir.
4. Qoşqar Təhməzli 2008-ci ilin sentyabrında Izmirdə Türkiyə vətəndaşları Hacı Reşit Nacar və Zübeydə Nacarla ortaq İNTERNATİONAL GROUP NACAR ÖZEL SAĞLIK, EŞTETİK, CİHAZ, MEDİKAL, TEMİZLİK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED şirkətini də qeydiyyatdan keçirib. Şirkət tibbi və estetik cihazların satışını həyata keçirib. Qoşqar Təhməzli 2012-ci ildə özünə aid hissələri Zübeydə Nacara sataraq şəriklikdən çıxıb.
5. Təhməzli özünə yeni ortaq taparaq bu ölkədə yeni şirkət açıb. ÖZEL KANON SAĞLIK LABORATUVAR MEDİKAL SİSTEMLERİ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ isə 2012-ci il yanvarın 3-də 10 min lirə nizamnamə kapitalı ilə Oqtay Öztürk və Qoşqar Təhməzli tərəfindən təsis edilib. Şirkət Türkiyədə tibbi xidmətləri həyata keçirən xəstəxanlar, klninikalar, dispanserlər, doğum evləri və digər səhiyyə təsisatları açmaq, işlətmək hüququna sahibdir.
6. Qoşqar Təhməzlinin Oqtay Öztürklə şərikliyi Türkiyədəki bizneslə məhdudlaşmır, onlar 2011-ci ildə Gürcüstanda qeydiyyatdan keçmiş UNİVERSAL MEDİKAL GROUP-da şərikdirlər.
7. Təhməzlinin Slovakiyada və Ukraynadakı şirkəti ilə bağlı daha əvvəllər ətraflı yazmışdım. AQTA-ya rəhbər təyin edildikdən sonra cənab Təhməzlinin bu ölkələrdəki biznesini onun şəriki Cavidan İmanov idarə edir. Cavidan İmanov AMİP-in keçmiş Siyasi Şura üzvü, hazırda AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun oğludur. AQTA sədrinin şirkətdəki 80 faizlik pay hüququ onun adına rəsmiləşdirilib.
Təhməzlinin Bratislavadakı şirkəti SAFFRAN S.R.O hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir.
8. Cavidan İmanov Qoşqar Təhməzlinin Ukraynadakı eyni adlı şirkətini də idarə edir və SAFFRAN-UKRAİNA LTD-nin (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ “САФФРАН УКРАЇНА”) 80 faizlik hissəsi onun adına rəsmiləşdirilib.
Cavidan İmanov 2007-ci ildə qeydiyyatdan keçmiş LİMAN QRUP MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir.
9. Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzli “BİNƏ” MƏNZİL-TİKİNTİ KOOPERATİVİnin 5 təsisçisindən biridir. Şirkətin təsisçilərindən biri, eyni zamanda qanuni təmsilçisi Qoşqar Təhməzlinin qardaşı Ataş Təhməzli İlahi oğludur. Şirkət 2006-cı ilin aprelində 2400 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı XƏZƏR RAYONU, BİNƏ ŞTQ, M.Ə.SABİR, ev 111-dir.
10. Təhməzlilərə məxsus daha bir tikinti şirkəti 2004-cü ilin sentyabrında 1600 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “LİDER” MƏNZİL-TİKİNTİ KOOPERATİVİdir. Hüquqi qeydiyyatı SUMQAYIT ŞƏHƏRİ, 6 MKR-da olan kooperativin qanuni təmsilçisi Şahbaz Təhməzli Ataş oğludur. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğuldur.
11. Şahbaz Təhməzli eyni zamanda 2010-cu ilin avqustunda 2000 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “BAŞARAN GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin iki həmtəsisçisindən biri və qanuni təmsilçisidir. Şirkətin digər həmtəsisçisi isə AQTA sədrinin digər qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Fərhad Təhməzovun oğlu İsrafil Təhməzlidir. “Başaran Group”un hüquqi ünvanı NƏSİMİ RAYONU, CAVAD XAN, ev 11-də yerləşir. Şirkət Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğuldur.
12. Həmin ünvanda Təhmzli qardaşlarının daha bir şirkət – “İPE GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyatdadır. Şirkət 2015-ci ilin aprelində 500 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Şirkətin təsisçisi MİDA rəhbərinin oğlu İsrafil Təhməzli, qanuni təmsilçisi isə Fərhad Təhməzovun qardaşı oğlu Şahbaz Təhməzlidir. Şirkət Bakıda “Rahat Yaşam” proyektini həyata keçirir. Bura binaların idarə olunması, təhlükəsizlik, yaşıllaşdırma və texniki xidmətlər daxildir. Ofisi İsmayıl Hidayətzadə küçəsində yerləşir. MİDA rəhbəri səlahiyyətlərindən istifadə edərək çoxmənzilli yaşayış binalarının idarə olunmasını öz oğlunun şirkətinə yönəldir. Belə ki, Mənzil Məcəlləsinə əsaslanaraq mənzil tikinti kooperativlərini (MTK-lar) inşa etdikləri binaları dövlət təhvilinə verdikdən 1 ay ərzində binanı tərk etməyə məcbur edilir. Məcəlləyə görə həmin binaları ya sakinlərin özü, ya da sakinlərin təşəbbüsü ilə idarəedici şirkətlər tərəfindən idarə edilməlidirlər. Bu boşluqda İPE GROUP monopolist mövqeyə çıxmaqdadır.
13. MİDA-ya rəhbərlik edən Fərhad Təhməzov də qardaşı Qoşqar Təhməzlidən geri qalmayaraq Türkiyədə şirkət açıb. İLAHİ İNŞAAT TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (İlahi – Təhməzli qardaşlarının atasının adıdır) 2010-cu il mayın 18-də İstanbul Ticarət Sicili Məmurluğunda 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə Fərhad Təhməzovun qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir.
Şirkətin ünvanı: KÜÇÜKBAKKALKÖY MAH.ÖNDER SOK. NO:10 D:14 ATAŞEHİR.