Qoy dişlərini qıcasınlar, qul oldular - ALLA PUQAÇOVA PUTİNƏ YALTAQLANANLARDAN YAZDI

  • By admin
  • 05 Oktyabr 2022 15:14

Putinin Ukrayna işğalına qarşı çıxan Rusiyanln tanınmış müğənnisi Alla Puqaçova yenidən ictimai rezonansa səbəb olan açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Puqaçova  sosial şəbəkə hesabında “Nə böyük xoşbəxtlikdir, heç vaxt dözə bilmədiyim adamlar mənə nifrət edir. Əgər onların xoşuna gəlsəydim, bu o demək olardı ki, boşuna oxumuşam, yaşamışam. Səbəb aydındır. Qoy dişlərini qıcasınlar. Nökər idilər, qul oldular”, –  yazıb.

HTML tutorial

Müğənni konkret kimləri nəzərdə tutduğunu deməsə də, söhbətin onun müharibə əleyhinə mövqeyini tənqid edənlərdən getdiyi görünür.

Puqaçova sentyabrın ortasında sosial şəbəkələrdə post yayaraq Rusiya hakimiyyətini onu da “xarici agent” siyahısına salmağa çağırıb. Bununla o, Rusiyanın Ukraynaya hücumuyla bağlı ilk dəfə açıq mövqe bildirib, əri Maksim Qalkinin mövqeyini dəstəkləyib. Müharibəyə qarşı çıxmış Qalkin Rusiyada “xarici agent” kimi tanınıb.

Puqaçova həmin postunda “təmiz, vicdanlı və səmimi insan, əsl və namuslu rusiyalı vətənpərvər olan əriylə” həmrəy olduğunu, Qalkinin vətəni üçün yalnız rifah, sülh, ifadə azadlığı istədiyini yazırdı.

Puqaçovanın yazdığına görə, Qalkin Rusiyanı “izqoy ölkəsinə çevirən, vətəndaşların həyatını çətinləşdirən illüziyalı məqsədlər uğrunda oğullarımızın ölümünə son qoyulmasını”arzulayır.

Bu yaxınlarda mediada Puqaçovanın övladları ilə birlikdə ərinin yaşadığı İsrailə getdiyi, Rusiyaya qayıtmaq planı olmadığı haqda xəbərlər yayılıb. Cütlüyün Rusiyadakı əmlakını satışa çıxardığı iddia olunur. Ancaq bu informasiya hələlik, təsdiqlənməyib, Puqaçova, yaxud Qalkin onu şərh etməyib.

Günay

Gununsesi.info