Qubad İbadoğlu Avropada təsis etdikləri fonddan danışdı

  • By admin
  • 17 İyul 2023 13:17

Tanınmış müxalif liderlər – Cəmil Həsənli, Qubad İbadoğlu və Arif Məmmədovun təsisçiliyi ilə Londondan qeydiyyatdan keçən  “Azərbaycan gənclərinin təhsil fondu” (AGTF)  ilə bağlı müxtəlif fikirlər yayılıb.

Hətta bəzi media quruluşlarında bu fondun vasitəsi ilə gənclərin hökumətə qarşı təşkilatlandırmaq kimi iddialar səsləndirilib.

Gununsesi.info-nun xəbərinə görə, Fondun təsisçilərindən biri olan Qubad İbadoğlu bu haqda danışıb.

“Tarix professoru Cəmil Həsənli və sabiq səfir Arif Məmmədovla birgə təsis etdiyimiz və 27 iyun 2023-cü ildə Londonda İngiltərə və Uelsin Xeyriyyə Komisiyasında qeydiyyatdan keçirdiyimiz “Azərbaycan gənclərinin təhsil fondu” (AGTF) işıqlı gələcək üçün qapıdır. Bu qapı yalnız istedadlı gənclərin və təcrübəli alimlər üçün deyil, həm də sizin üçün açıqdır. AGTF xalqımızın taleyini dəyişən toxumlar yetişdirəcək. Tezliklə toxumlar cücərib bar verəcək və milyonlarla azərbaycanlılar AGTF-nin məhsulundan bəhrələnəcək. Qısa zamanda Fondun internet səhifəsi hazırlanacaq, istədiyiniz məlumatı www.ayef.org.uk saytından əldə edə biləcəksiniz. AGTF biznes qurumu deyil ki, təhsil sahəsində xeyriyyə fondudur, odur ki, saytda İngiltərə və Uelsin Xeyriyyə Komisiyasına təqdim olunan bütün hesabatlar, fondun idarəçiliyinə dair qərarlar yerləşdiriləcək. Bir sözlə açıq və əlçatan fəaliyyətimizlə şəffaflıq nümunəsini təqdim edəcəyik. Hazırda Fondun İdarə Heyəti formalaşdırmaq üzərində müzakirələr gedir, inzibati xərclərini optimallaşdırmaq üçün könüllülər axtarırıq. Qrafik dizaynerlərdən Fondun loqosunun, bayrağının eskizlərinin hazırlanmasına dəstək gözləyirik. Veb tərtibatçıları da AGTF-nin saytına dair təkliflərini verə bilər. Bu istiqamətlərdə təklifləri mesencerə göndərə bilərsiniz. Hər kəsə dəstəyinə görə öncədən təşəkkür edirik”.

 

Afət

Gununsesi.info