Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından vəkillərin verdiyi şikayətə baxılıb.
Vəkil Şəhla Hümbətova Gununsesi.info-ya bildirib ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayət təmin edilməyib.
Vəkilin sözlərinə görə, istintaq 6 aydır gedir və çox uzanıb, istintaq hərəkəti aparılmır.
“Təcridxanda Qubad İbadoğlunun səhhəti get-gedə pisləşir. Ən azından həbs qətimkan tədbiri ev dustaqlığı imkan tədbiri ilə əvəz edilsin ki, istintaqın gedişatında evdə qalsın. Biz belə başa düşürük ki, elə bir istintaq da getmir. Bu gün də şikayət təmin edilmədi”, vəkil qeyd edib.
Şəhla Hümbətova bildirib ki, bugünkü məhkəmə prosesində Qubad İbadoğlu da iştirak edib.
Vəkilin görə, İbadoğlunun səhhətində problemlər qalır və onun vəziyyəti yaxşı deyil.
“Biz hər dəfə xahiş edirik ki, həbsi ev dustaqlığı ilə əvəz edilsin və ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tibb müəssisəsinə köçürülsün ki, ən azından orada müalicə alsın. Məhkəmə də bunu eləmir. Daha doğrusu istintaq buna qəti etiraz edir”, o bildirib.
Bununla bağlı nə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdən, nə də cinayət işini aparan istintaq orqanından şərh almaq mümkün olmayıb.
Gununsesi.info