Qubad İbadoğlu: “Qara bazar” və banklar arasında sərhəd itir

  • By admin
  • 13 Yanvar 2017 15:09

qubad

Yanvarın 12-dən kommersiya bankları əhalidən xarici valyuta alışını azaldıblar.

Turan agentliyinin kommersiya bankları ilə bağlı apardığı monitorinq göstərir ki, bankların əksəriyyəti dolları 1,77-1,78 manata alır, 1,86-1,87 manata satır.

Başqa sözlə, alış-satış arasındakı fərq 7-10 qəpikdir.

Hətta “qara bazar”da dolların alış məzənnəsi kommersiya banklarında olduğundan yüksəkdir. Belə ki, “qara bazar”da dollar 1,83 manata alınır, 1,86 manat satılır.

Yanvarın 12-dən Azərbaycan Mərkəzi Bankı xarici valyutanın satış məzənnəsinin müəyyən edilməsi zamanı kommersiya bankları üçün 4%-lik marjanı ləğv edib. İndi banklar özləri qiymət müəyyən edir. Mərkəzi Bank bunu real üzən məzənnə adlandırır.

Ancaq, iqtisadçı Qubad İbadoğlu bununla razı deyil. O hesab edir ki, hələlik valyuta bazarında iki satıcı var (Mərkəzi Bank və Dövlət Neft Fondu) və bu rejimi real üzən məzənnə adlandırmaq olmaz.

“Əgər valyuta bazarında başqa satıcılar yoxdursa və təklif edilən valyutanın həcmi inzibati yolla müəyyən edilirsə bu, üzən məzənnəyə keçid deyil”,o, bazardakı vəziyyəti şərh edərkən bildirib.

Valyuta alışı və satışı arasındakı böyük fərqə toxunan iqtisadçı qeyd edib ki, bu, bankirlərin sövdələşməsinin nəticəsidir.

“Bizim ölkədə real bank sahibləri bir neçə oliqarxdır. Məhz həmin oliqarxlar sövdələşmə nəticəsində bu və ya digər məzənnəni müəyyən edirlər”, ekspert vurğulayıb.

Bu cür durum “qara bazar”ın çiçəklənməsinə xidmət edir. Bəzi hallarda “qara bazar” və banklar arasında sərhəd itir. Bundan əlavə, onlar özləri bunu stimullaşdırır.

“İstənilən halda, maliyyə sektorunda sabitlik olmayıb və yoxdur. Proqnozlaşdıra bilərəm ki, orta illik hesablamada dolların məzənnəsi 2,20-2,50 manat ola bilər”,Q.İbadoğlu qeyd edib.