Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarının məhkəməsi başlanıb.
Gununsesi.info bildirir ki, onlardan “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Qalib Bayramov (Toğrul) oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.
Məhkəmənin hazırlıq iclasında Q.Bayramovun vəkili Zibeydə Sadıqova onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, müvəkkilinə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamının verildiyini, ancaq heç bir sübut-dəlilin ortaya qoyulmadığını deyib: “Qalib Bayramov iqtisadçıdır, ekspert kimi fəaliyyət göstərib. Xidməti müqavilə əsasında hesabatlar hazırlayıb. Müqavilələri də özü təqdim edib. Burada hansı çirkli puldan, cinayət yolu ilə əldə edilmiş vəsaitdən söhbət gedir?”.
Prokuror Eldar Həmzə hələ məhkəmənin hazırlıq mərhələsi olduğunu, araşdırma aparılmadığını əsas gətirərək vəsatətin baxılmamış saxlanmasını təklif edib.
Məhkəmə də vəsatəti baxılmamış saxlayıb.
Q.Bayramov haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Məhkəmə bu qətimkan tədbirinin məhkəmə sürən müddətdə də qüvvədə saxlanmasına qərar verib.
Onun işi üzrə məhkəmə baxışı oktyabrın 22-nə təyin edilib.
Daha iki şəxsin məhkəməsi başlanır
“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından oktyabrın 9-da qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın, oktyabrın 13-də isə “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəməsi başlanır.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.













