Qubada “Sadiq dost” açıldı

  • By admin
  • 23 Aprel 2021 19:23

İnsanın ən yaxın dostu olan heyvanlara diqqət göstərən hər kəsə xüsusi hörmətim var. Heyvanları, o cümlədən itləri çox sevirəm. 1992-ci ildən-sərhədçiləri tanıyan gündən Vətənin keşiyində duran bu igidlərin yanında at və it görmüşəm. İnsanın ən yaxın köməkçiləri olan at və itləri… Özümdə kənddə böyüdüyümdən həmişə həyətimizdə it saxlamağımızı görmüşəm və itləri sevmişəm. İndi də bu heyvana çox böyük sevgim var.

Elə bu yazımda da Qubada itlərə olan diqqətdən danışacağam. Rayonda respublikanın bölgələri arasında ilk olaraq sahibsiz küçə itləri üçün sığınacaq təşkil edilib. Adətən, həmişə maraqlı və orijinal layihələrə imza atılan Qubada sahibsiz itlərə sahib çıxıldığını eşidəndə çox sevindim. ANS televiziyasında işləyəndə, yaxşı xatırlayıram, bir Quba sakini sahibsiz iti kəsmişdi. Dəhşətə gəldiyim bu faktı araşdırmaq üçün gecə saat 24-də Quba rayon polis şöbəsində həmin şəxsdən müsahibə də almışdım. Hərəkətinə haqq qazandırmağa çalışan “arzuolunmaz” müsahibim sonda iti kəsdiyini etiraf etmiş, peşmançılığını bildirmişdir.

İndi isə-illər sonra Qubada “Faitful friend”- “Sadiq dost” adlanan heyvan sığınacağı istifadəyə verilib. Sığınacağın açılışında Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, Müvəqüəti İşlər Vəkili Doron Pe’er, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri iştirak edib. “Sadiq dost”sığınacağının məramı və məqsədi barədə qonaqlara geniş məlumat verilib. İsrailli qonaq Doron Pe’er Azərbaycanın bölgəsində belə bir xoş məramlı heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndi də. Heyvansevər insan olduğu dərhsl hiss edilən cənab Doron Pe’er belə bir sığınacaq üçün rayon rəhbəri Ziyəddin Əliyevə təşəkkür edib.

 

Quba rayon İH-nin başçısı Ziyədfin Əliyev həm qonaqlar, həm də mətbuat nümayəndələri üçün sığınacaqla bağlı ətraflı açıqlama verib. Bildirib ki, sahibsiz küçə itlərilə bağlı belə bir saxlanc yerinə ciddi ehtiyac vardı: “Rayonda sahibsiz küçə itləri çoxalmışdı, küçələrdə, xüsusən gecələr gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi mənə verəndə, dərhal razılıq verdim. Qısa vaxt ərzində işə başlanıldı və görürsünüz, 20 baş sahibsiz it bu sığınacağa yerləşdirilib”.

Rayon rəhbəri hər bir kəsi heyvanları qorumağa, sevməyə çağıraraq belə bir anons da verdi: “Tezliklə “Sadiq dost”sığınacağında sahibsiz atlara da sahib çıxılacaq.”

 

Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov jurnalistlərə açıqlamasında Qubada sahibsiz heyvanların  sığınacağının açılmasını çox yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

 

Açılış mərasimində qonaqlara və media işçilərinə baytarların sahibsiz itləri müayinə etmələri də nümayiş olundu. İsrsilli qonaq Doron Pe’erin bu görüntüləri maraqla izlədiyi diqqətimizdən yayınmadı. Məlumat üçün bildirək ki, sığınacaqdakı itlər müayinə olunub və bir neçəsi əməliyyat da olunacaq.

Sahibsiz itlər sözünü yazıda bir neçə dəfə işlətdim. Amma daha bu heyvanlar sahibsiz deyil. Rəsmi qurum-Quba İH bu küçə itlərinə sahib çıxdı. Bu sığınacaqda onların sağlamlığı, istirahəti, bir sözlə, həyatda qalmaları üçün hər cür şərait var. Bir heyvansevər insan kimi bu nəcib aksiyanı alqışlayır, təşkilatçılara təşəkkür edirəm. Arzum budur ki, Allahın yaratdığı dili-ağzı olmayan bu sahibsiz heyvanlara diğər rayonlarda da sahib çıxılsın, diqqət göstərilsin. Unutmayaq ki, sahibsiz küçə itləri insanlar üçün real təhlükə mənbəyidir. Quduzluğun artmasına səbəb olan, insan sağlamlığına ciddi zərər vuran sahibsiz küçə heyvanlarına qucaq açmaq doğrudan da çox savab işdir. Özü də mübarək Ramazan ayında!

Gununsesi.info