“Qubadlı” postundan yığılan vəsaitlə bağlı AÇIQLAMA

  • By admin
  • 01 Fevral 2022 14:53

Bir sıra sosial şəbəkə hesabarında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlərə şübhə ilə yanaşılıb, dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi qeyd olunub.

Gununsesi.info xəbər verir ki, bunu DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

Məsələyə aydınlıq gətirən N.Axundov qeyd edib ki, son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub:

“Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur”.

Qeyd edək ki, Komitə sədri Səfər Mehdiyev bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsinin həmin gömrük postundan keçdiyini açıqlayıb:

“Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Gununsesi.info