Qubadlı qələbəsinə bir cüt sırğa

  • By admin
  • 23 Dekabr 2020 23:52

Cəlil Məmmədquluzadə sağ olsaydı, o məlum məktəb direktoru xanıma bir unikal povest həsr edərdi. Zarafat deyil, qadının on barmağında on bacarıq var. Şeir deyir, Ərdoğana şeir yazır, başına bayraq keçirib ət şaqqalayır, mahnı oxuyur, rəqs eləyir…Əminəm ki, mövzudan xəbərsiz qalanlar yoxdur. Amma varsa, onlar üçün deyim ki, Maştağa qəsəbəsindəki orta məktəblərdən birinin direktoru özünə dəbdəbəli ad günü keçirdiyi üçün töhmət alıb və cərimələnib. Və buna cavab olaraq da yeni bir video çəkdirib, guya Azərbaycan xalqından üzr istəyib. Amma bu video üzrxahlıqdan daha çox cəmiyyətə söyüş söyməyə bənzəyir. Niyəsini deyəcəm… 

Müəllimə adını ilk dəfə eşitdiyim bir internet kanalı vasitəsilə cəmiyyətə bir neçə dəqiqəlik müraciət edib. Müraciətin də məğzi budur ki, bəs mənim ad günüm Qubadlının işğaldan azad edildiyi günə təsadüf etmişdi. Biz də mənim ad günümü yox, həmin şad günü qeyd edirdik, çoxdandır şəhərdə olmayan anamın xahişi idi, üstəlik, öz evim idi və həmin gün də sərt karantin deyildi… Amma əsas söhbət xanımın üzrünün qəbahətindən böyük olmasında idi. Müraciət hər biri “buna görə günahkaramsa, üzr istəməyə hazıram” rədifli qoşmalardan ibarət idi. Direktor özü-özünə pas verə-verə danışır və bu günə qədər guya etdiyi gözəl əməlləri (heç biri barədə nə əmin olmağa, nə də şübhə etməyə əlimdə məlumatlar var) yadımıza salıb, axırda soruşur ki, buna görə qəbahətim varsa, üzr istəyirəm. Məsələn, Qarabağda vuruşan əsgərlərə qələm tutmağı mən öyrətmişəm, səngərdə onlara mən baş çəkmişəm, Vətən yolunda az qala canımdan keçməyə hazır olmuşam…. və hər “kuplet”in axırında da “əgər bu qəbahətdirsə, buna görə üzr istəyirəm” yekunu.

Maraqlı orasıdır ki, bu məmləkət bir çox hallarda oğrunun bağıraraq doğrunun bağrını çatlatdığı olaylardan, elementlərdən ibarətdir. Bəli, yenə belə bir situasiya ilə qarşı-qarşıyq. O boyda müraciətdə xanım bir dəfə də izahat vermir ki, Qubadlının işğaldan azad edildiyi gün evinə gələnlər niyə buna qızıl sırğa alıb hədiyyə verir. Bu niyə ad günü tortu bişirtdirir, Mətanət İsgəndərli niyə bunun üçün ad günü mahnısı oxuyur? Normalda həmin insanlar gedib Qubadlıya yol çəkdirməli deyillərmi? Təbii, bu sualların hamısı açıq qalır, çünki cavab verməyə gərək yoxdu. Müəllimə hətta Vətən savaşındakı qələbədə də öz rolunu görür- deyir, ordakı əsgərlərin hamısına qələm tutmağı mən öyrətmişəm, indi onlar həmin qələm tutan əlləri ilə silah tutub, düşmənin üstünə yeriyiblər. Bir az keçsə, deyəcəkdi ki, elə komandir də mən özüməm, sadəcə ordunu Maştağadan idarə etmişəm. Üstəlik, bildirir ki, bu ölkədə hamının – icradan tutmuş prezidentə qədər – müəllimənin qarşısında borcu var. Axırda da doluxsunmuş yekun vurur ki, “lap səhvim olsa da, müəllimənin üzərinə bu qədər gəlmək olmaz. Çünki müəllim öldü, aləm öldü”. Açığı, xanım axırıncı atalar sözünü hardan əxz edib, bilmirəm. Amma bu unikal ssenaristliyə, Hollivud performansına görə ona gerçəkdən fəxri ad vermək lazımdır. Nəinki lazımdır, bu, hətta bizim borcumuzdur.

Əslindəsə problem o cür direktorların ad günü keçirib, sonra da barmaqlarını gözümüzə soxmasında yox, ümumiyyətlə, hansısa məktəbə o cür şəxslərin direktorluq etməsindədir. Müraciət ritorikası, yazdığı şeirlər ( bəziləri eşq şeirləridir və onları dietik proqram niyyətinə dinləmək olar ancaq), bu günə qədərki fəaliyyəti töhmət qərarının da, cəzanın da gecikdirilmiş olması qənaətini yaradır. Yəni, belə kadrların məktəblərin rəhbərliyində nə işi var axı? Zatən məktəblərin vəzifəsini illərdir binəva valideynlər həyata keçirir – uşağı oxudur, kitab alır, müəllim, kurs yanına daşıyır. Sadəcə müəllim maaşını heç kəs ona qıymır. O halda nə? Üstəlik, hamı birağızdan deyir ki, bu adam niyə vəzifəsindən çıxarılmır, sadəcə töhmət və karantin qaydalarını pozduğu üçün pul cəzası ilə kifayətləndirilir? Axı ona verilən pul cəzası qurduğu ziyafətdəki meyvə şirələrinin pulundan da azdır. Niyə işdən kənarlaşdırılmır? Yoxsa gerçəkdən onun “müəllim ölsə, aləm ölər” söhbətinə inanmısız? Yalandır, vallah, yalandır. Hər sinfə girən müqəddəs obraza girsəydi, seçkilərdə ətəklərinin altından saxta bülleten çıxaranlar marsiançiklər idi? Yoxsa “siz bu uşağı hazırlığa qoymasaz, uşaq əldən gedəcək” yalanlarını illərlə bizə sırıyanlar Amerikadan gələn pedaqoqlardır? Bayramlar, fond pulları, test pulları, kserokopiya pulları… bunları bizdən illərdir yığanlar, yığdıranlar birdən-birə Məryəm ana obrazına bürünəndə ortaya Şaban filmləri dadında mənzərələr çıxır. Keçməz, bəylər və xanımlar, ən azı bizə keçməz. Haydı, başqa qapıya!

Sevinc Telmanqızı

Gununsesi.info