Qubadlı rayonunun təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur.
Gununsesi.info xəbər verir ki, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.
İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.
Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub.
Gununsesi.info