Yanvarın 23-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb.
Partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması iqtiqamətində, eləcə də sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsinə nail olacaq.
Prezidentliyə namizəd ədalətli cəmiyyət qurmaq üçün hüquqi dövlət quruculuğunun, hüquqi dövlət quruculuğu üçün isə ictimai şüurun inkişafının, demokratik dünyagörüşünün formalaşmasının zəruriliyini qeyd edib.
Prezidentliyə namizəd, seçicilərin etimadını qazanacağı təqdirdə genişmiqyaslı konstitusiya islahatlarının aparılacağını bildirib.
Gununsesi.info