Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Sputnik-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Bakı Lift”in baş direktoru Qüdrət Şükürovun şəxsiyyəti də onun qızı Ayselə etdiyi dəbdəbəli toyun videoçarxı sosial şəbəkədə ciddi müzakirələrə səbəb olandan sonra diqqət çəkib. Yerli KİV-lərin yazdığına görə, dəbdəbəli toy Şükürova 400 min manata başa gəlib. Məlumata görə, Şükürovun qızı Ayselin birinci toyu da bahalı və dəbdəbəli olub.
Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb. Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir.
Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir. Məlumdur ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən “OTIS Baku Lift” sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur.
Məlumata görə, “Bakı Lift”in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər. İstehsalat mərkəzinin rəhbərliyi zərurət olduqda cinayət işində adlarının təqsirləndirilən şəxs qismində hallanmaması üçün vəkillərlə tələm-tələsik müqavilə də bağlayıblar. Onu da qeyd edək ki, son zamanlar lift qəzaları nəticəsində adamlar ölüblər və xəsarət alıblar. Bütün bu problemlərin kökünü lift xidməti göstərən və onun təmiri ilə məşğul olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılifttəmir” İstehsalat Birliyində də axtarmaq lazımdır. Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər tərəfindən və hansı qaydalarla quraşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.
Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir.
Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutur.
Gununsesi.info