Qüdrət Həsənquliyev: “Sülhməramlılar bitərəfliyini qoruyub saxlamalıdır”

  • By admin
  • 18 Dekabr 2020 18:57

“Sülhməramlılar ora gəlir ki, təxribatlar baş verməsin”

 

Gununsesi.org Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

– Sentyabrın 27-də başlanan müharibə faktiki olaraq noyabrın 10-da üçtərəfli sazişlə yekunlaşıb. Bundan sonrakı mərhələ dekabrın 1-nə qədər çəkib və Ermənistan üç rayonumuzu – Ağdam, Kəlbəcər və Laçını döyüşsüz qaytarıb. Dekabrın 1-dən proses siyasi-diplomatik mərhələyə daxil oldu. Siz bu mərhələni və gedişatı necə qiymətləndirirsiniz?

– Əslində, təsəvvür edirdim ki, atəşkəs haqqında birgə bəyanat imzalandıqdan sonra Ermənistan kapitulyasiyaya gedir və bu sənədi imzalamaqla bizim ərazi bütövlüyümüzü tanıyır və bu prinsip əsasında həllinə razılıq verir. Prezident də açıq bəyan etmişdi ki, nə status-kvodan, nə də hər hansı bir statusdan söhbət gedə bilməz. Sonradan Vladimir Putinin “biz danışmışıq və razılaşmışıq ki, status-kvo saxlanılacaq və status məsələsini gələcək rəhbərlər həll edəcək” fikirləri vəziyyəti bir qədər mürəkkəbləşdirdi. Bundan sonra Rusiya “sülhməramlılarının” gəlib qondarma rejimin nümayəndələri ilə tərəf kimi danışması əslində onların “sülhməramlı” missiyasına zidd idi. Çünki BMT-nin sülhməramlı əməliyyatlar departamentinin rəsmi sənədi var. Bu sənəddə qeyd edilir ki, BMT sülhməramlıları əsasən üç missiyanı yerinə yetirir. Əlbəttə, ilk olaraq hər iki münaqişə tərəfinin razılığı olmalıdır. Yəni, tərəflər sülh istəyir və sülhməramlılar da ora gəlir ki, təxribatlar baş verməsin. Başqa sözlə, rəsmi iradənin əleyhinə proses baş verməsin və münaqişə yenidən alovlanmasın. Bunun üçün birincisi, tərəflərin razılığı lazımdır.

İkincisi, sülhməramlılar bitərəfliyini qoruyub saxlamalıdır.

Üçüncüsü, tərəflərə qarşı güc tətbiq etməməlidirlər. Sülhməramlılar yalnız özləri hücuma məruz qaldıqları halda müdafiə məqsədilə silah tətbiq edə bilərlər. Yəni, sülhməramlıların məqsədi güc tətbiq etməkdən ibarət deyil. Hazırda BMT dünyanın 13 bölgəsində sülhməramlı missiya həyata keçirir və onun illik büdcəsi də təqribən 8 milyard dollardır. Sözümün canı odur ki, sülhməramlıların statusunun nədən ibarət olduğu beynəlxalq sənədlə müəyyənləşir. Bununla eyni zamanda sülhməramlılar, əsasən üç missiyanı yerinə yetirir.

Gununsesi.org