
Sentyabrın 15-i axşam saatlarında Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə BDU-nun professoru, tənqidi fikirlərinə görə cinayət təqibinə məruz qalmış professor Qulu Məhərrəmliyə qarşı AzTV sədri Arif Alışanovun xüsusi ittiham qaydasında şikayəti əsasında növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun məlumatına görə, proses xeyli gərgin keçib. Yasamal Rayom Məhkəməsindən verilən xəbərə görə, prosesdə ittiham olunan tərəfin BDU-dan dilçi-ekspert ayrılmasına etirazını bildirən vəsatətinə baxılıb. Vəsatət onunla əsaslandırılıb ki, Q.Məhərrəmlinin çalışdığı ali məktəbdən rəy üçün mütəxəssis ayrılması məqsədəuyğun deyildir. Digər, tərəfdən müəyyən edilmiş ekspertlərdən birinin A.Alışanovun ailəsinə yaxın olması da etiraz üçün əsas verir. Buna görə də dilçi ekspertlərin tərəflərin razılığı ilə müstəqil şəxslər sırasından seçilməsi məqsədəuyğundur.
AzTV sədrinin nümayəndəsinin bu arqumentləri əssasız kimi qiymətləndirib ekspertlərin, məhz, BDU-dan seçilməsində təkid etməsi tətəflər arasında gərginlik yaradıb. Professor Q.Məhərrəmli iclasda çıxış edərək bildirib ki, ona qarşı aparılan məhkəmə işinin hüquqi əsası və predmeti yoxdur, ona görə də ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri bu məhkəməni söz azadlığına basqı və tənqidə məmur dözümsüzlüyü kimi səciyyələndirirlər. Bu barədə sənəd və materialları, həmçinin A.Alışanov barədə son10-15 ildə mətbuatda çap olunmuş çoxsaylı tənqidi yazıları məhkəməyə təqdim edən media mütəxəssisi vurğulayıb ki, o, müsahibəsində ciddi nöqsanlara yol verən vəzifəli məmuru tənqid edib. Professorun fikrincə, dövlətin hər il milyonlarla vəsait ayırdığı AzTV-nin bir çox ciddi nöqsanları, məhz sədr A.Alışanovun qeyri-peşəkar və bacarıqsız olmasından, yaradıcı prosesi yönəldə bilməməsindən qaynaqlanır: “Pis odur ki, telekanalda yaradıcılıq və istehsalat mühiti peşə standartlarına deyil, sədrin bəsit şəxsi istəklərinə tabe etdirilib”-, deyə Q.Məhərrəmli çıxışında bildirib.
Məhkəmənin müzakirə olunan məsələ ilə bağlı qərarının sentyabrın 16-da elan ediləcəyi gözlənilir.
Gülnaz Qənbərli
Gununsesi.info