Arif Alışanov haqqında söylədiyi tənqidi fikirlərə görə cinayət təqibinə məruz qalan media mütəxəssisi, professor Qulu Məhərrəmli ona qarşı başlanmış məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz edib. Jurnalist bu barədəki vəsatətini dünən Yasamal rayon məhkəməsinə göndərib. Məhkəmədən Gununsesi.info-ya bu məlumatın doğru olduğunu təsdiqləsələr də, amma hələlik hər hansı qərarın verilmədiyini bildiriblər.
Bu haqda Gununsesi.info-ya danışan Qulu Məhərrəmli qeyd edib ki, vəsatətini BDU-nun əməkdaşı olması ilə əsaslandırıb: “Mütəxəssis qismində adları çəkilən xanımların heç birini şəxsən tanımıram. Amma onların layiqli insan, yaxşı dilçi və vicdanlı müəllim olmalarına da şübhə etmirəm. Sadəcə, burada xüsusi ittiham və cinayət təqibindən söhbət getdiyi üçün hər şey dürüst, ədalətli və şəffaf olmalıdır. 20 ilə yaxındır ki, BDU-da müəllimlik edirəm. Ona görə də eyni müəssisədə çalışan bir əməkdaşın başqa əməkdaş haqqında, xüsusən də ictimailəşmiş bir məsələ ilə bağlı rəy verməsi doğru deyildir. Ekspertiza haqqında qanun da buna yol vermir”.
Media eksperti Gununsesi.info-nun “Siz mütəxəssis seçimində A.Alışanovun hər hansı müdaxiləsini görürsünüzmü?” sualına təsdiqləyici cavab verərək bildirib ki, AzTV rəhbərliyinin Dilçilik İnstitutundakı ötən aydakı biabırçı davranışı onu göstərir ki, qarşı tərəf ciddi-cəhdlə müsahibəmlə bağlı mənfi rəy almaq yürüşünə çıxıb: “Alışanov vəzifəsindən sui-istifadə edərək məhkəməyə və ekspertiza prosesinə mətbuata deyilməsi mümkün olmayan formalarda müdaxilələr etməyə çalışır. Ən pisi odur ki, neçə aylardan bəri başladığı qanunsuz hərəkətlərini və əsassız iddialarını “yuxarıların” mövqeyi kimi təqdim etməyə çalışır, halbuki onun bu məhkəmə avantürasını heç bir dövlət adamı dəstəkləmir”, – deyə o bildirib.
Xatırladırııq ki, Yasamal rayon məhkəməsinin müraciətinə əsasən, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılova dilçi-mütəxəssis qismində linqvistik ekspertizaya cəlb ediliblər. Lakin sonradan məlum olub ki, Z.Şahbazovanın Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri var. Digər mütəxəssis T.İsmayılova isə yaxşı müəllim kimi tanınsa da, dilçilik ixtisası üzrə elmi dərəcəsi yoxdur.
Gülnaz Qənbərli