Qumara görə sevgilisi ilə birlikdə dostunu öldürdü…

  • Müəllif: admin
  • 10 Aprel 2018 12:18

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaqlıq dostunu öldürməkdə ittiham olunan Eşqin Rəsulovun mühakiməsi başlayıb. Qeyri-rəsmi ər-arvad kimi yaşadığı sevgilisi də bu ölüm hadisəsinə görə onunla birlikdə hakim qarşısına çıxarılıb. Onların işinə Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Gununsesi.info xəbər verir ki, bugünkü məhkəmə iclasında təqsirləndirilən Eşqin Rəsulov və Ramella Əlimuradovanın anket məlumatları dəqiqləşdirilib.

Aprelin 18-də ittiham aktı elan olunacaq, təqsirləndirilən şəxslər ifadə verəcək.

Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Hadisə ötən ilin noyabrında Quba rayonunun Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlimuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar.

Cinayət işinin materiallarında yazılıb ki, qumar zamanı Anar Balayev  Eşqin Rəsulovu təhqir edib. Qarşılığında Eşqin Rəsulov da dostunu yerə yıxaraq, ona yumruq və təpik zərbələri vurub.

Anar Balayev ona müqavimət göstərdiyindən Eşqin Rəsulov Ramelladan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Anar Balayevin əl-qolu bağlanandan sonra o, köməksiz vəziyyətdə  qalıb. Amma Eşqin yenə.də onu döyüb. Nəticədə Anar Balayev dünyasını dəyişib.

Eşqin Rəsulov əvvəlcə ifadəsində dostunun onun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, araşdırma zamanı hadisənin qumara görə baş verdiyi üzə çıxıb.

 

Gülər