Qurbağaların səsinə görə yerini dəyişən kənd: Cəlilabadın sərvət dolu gölü niyə baxımsız qalıb?

  • By admin
  • 13 Avqust 2022 20:48

Cəlilabad rayonunun Buravar sıra dağlarının ətəyində Qamışgöl adlı məşhur bir kəndi də var. Bu kənd təkcə gözəl təbiət ilə deyil, həm də orta əsrlərdən  bu günə qədər gəlib çıxmış şəfalı zəli gölü ilə də məhşurdur.

Əslində gölün tarixi çox qədimdir. Bəzi tarixi mənbələrdə bu gölün böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən yaradıldığı və hətta onun sahilində bir vaxtlar açıq şəfaxanın da inşa olunduğu deyilir.

Bizim.Media sözügedən ərazi ilə bağlı məqalə dərc edib.

Qamışgöl kəndinin də məhz Zəligölə görə onun ətrafında yarandığı bildirilir. XVI əsrdə isə kənd sakinləri qurbağaların səsindən bezdiyindən yavaş-yavaş yeni tikililərini göldən uzaqlaşdırmağa başlayıblar və bu minvalla da ilk yurd yerlərindən 1 km məsafəyə qədər kənarlaşıblar.

Göldəki zəlilərdən sakinlər tarixən revmatizm və yüksək qan təzyiqi xəstəliklərininin müalicəsində bu günə kimi geniş istifadə edirlər.

Amma son dövrlər insanların bu gölə marağı azalıb. Göl baxımsızlıq ucbatından tamamilə sıradan çıxmaq üzrədir. Demək olar ki, bura ildə 3-4 nəfər baş çəkər, ya yox.

Qamışgöl kənd sakini Zöhrab Fərəcov bu kənddə doğulub boya-başa çatıb . Uşaqlıq və gənclik illəri bu gölün ətrafında keçib. Deyir ki, sözügedən gölün əsl adı Qamışgöldür, elə kəndimizin adı da buradan götürülüb.

Amma el arasında gölə “Zəlıgöl” deyilir. Müsahibimizin sözlərinə görə, əvvəllər kəndlərinə zəli üçün çox adam gəlib gedərdi:

“Uşaq vaxtı buraya qoyun otarmağa gələrdim. O vaxtlar burada adam əlindən tərpənmək olmazdı. Qoyunları örüşə ötürüb saatlarla gələnlərin zəli ovuna tamaşa edərdim. Elə ona görə də uşaqlıq illərim bu gölün xatirələri ilə zəngindir”.

Zöhrab Fərəcov deyir ki, bir gün əlimdə ziyil çıxmışdı, həkimə getdim dedi ki, get zəli yapışdır sağalsın:

“Gəlib əlimi suya saldım, bir neçə saniyəyə bir zəli yapışdı əlimə bir neçə dəqiqədən sonra zəli əlimdən qopdu, bir neçə günə də əlim sağaldı”.

Əvvəllər gölün suyu bol olardı deyir Zöhrab Fərəcov, hətta qış mövsümündə su buz bağladığından üzərində xokkey də oynayardıq:

“Arada buz sınardı, topumuz suya düşərdi. Çıxaranda isə topa zəli yapışdığını görərdik. İndi o günlər üçün çox darıxıram. Amma təəssüf ki, əvvəlki kimi gəlib-gedən yoxdu. Əslində heç kənddə də adam qalmayıb. Kənd sakinləri dolanışıq üçün şəhərə üz tutublar”.

Elə o özü də illərdir kəndi tərk etdiyini bildirir, amma  vaxtaşırı kəndə gəlməyi  və gölə baş çəkməyi unutmur.

Hazırda Qamışgöl kəndində tam sakitlikdir, nə gəlişimizi görən oldu, nə də səsimizə hay verən. Elə Zöhrab Fərəcovla da görüşümüz təsadüfən oldu. Xeyli maraqlı söhbətdən sonra aydın oldu ki, Qamışgöl kəndində dağın arxa üzündə daha bir belə zəli gölü mövcuddur və hazırda hər iki göl baxımsızlıq ucbatından mal-qaranın ümidinə qalıb.

Dünyada minlərlə süni göl yaradılıb zəli əldə olunur və bundan da milyonlarla valyuta qazanılır. Amma öz doğma yurdumuzda təbii imkanları olan belə bir sərvət diqqətdən kənardadır.