Qurban Məmmədovun Türkiyədə həbs xəbəri yayıldı

Azərbaycan Respublikası Baş Prokurorluğunun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə xəbər yayılıb.

Gununsesi.info-nun məlumatına görə, xəbəri Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov yayıb.

“Qurban bəylə bütün əlaqələrimiz kəsilib, Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib, başqa bir tərəfdən isə aldığımız xəbərə görə Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar”,- deyə Qoşqar Məmmədov bildirib.

Baş Prokurorluğun məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər sosial şəbəkələrdə hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar ediblər.
Qeyd olunanlara əsasən  Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı
 barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.