
“Qarabağ” futbol klubu Azərbaycanın UEFA Avropa Liqasında qələbə qazanması və komandanın adını tarixə yazması üçün bütün məsuliyyət və fədakarlıqla çalışır.
Gununsesi.info xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında UEFA Avropa Liqasında 1/8-ə yüksəlməklə Azərbaycan futboluna tarixi uğur qazandıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Məşqçir 16 ildir “Qarabağ”ı çalışdırdığını və komandanın ilk iş illərində qarşılaşdığı problemlərin uğurla aradan qaldırıldığını bildirib.
Məşqçinin sözlərinə görə, UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin telefonla şəxsi təbriki onun üçün əlavə motivasiya olub.
O xatırladıb ki, “Qarabağ” sözünün bütün azərbaycanlılar üçün böyük əhəmiyyəti var. “Qarabağın adının uca tutulması üçün rəhbərliklə yaxşı işlədik və Allaha şükür, bu gün nəticəsini görürük. Biz məsuliyyət hissi ilə işləyirik və bütün qəlbimizlə sərmayə qoyuruq”, – deyə Qurban Qurbanov qeyd edib.
Qurbanov deyir ki, futbol klubunun rəhbərliyi komandadakı əcnəbi futbolçularla “Qarabağ” sözünün Azərbaycan üçün əhəmiyyətindən daim danışıb.
“Bizim üçün əsas motivasiya komandamızın “Qarabağ” adıdır. Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki qələbəsindən sonra komandamızdakı əcnəbi futbolçular komandanın adının mənasını daha yaxşı anladılar”, – deyə təcrübəli məşqçi qeyd edib.
“Ağdamda stadion tikiləcək. Komandamız nəhayət ki, ora qayıdacaq”, – deyə o qeyd edib.
Qurbanov bildirib ki, “Qarabağ” futbol klubuna Türkiyədə də böyük dəstək göstərilir.
“Mən bir azərbaycanlı, türk xalqının oğlu kimi onlara (türk xalqına) minnətdaram. Biz həqiqətən qardaşlıq bağını paylaşırıq və həmişə bir-birimizin yanında olmuşuq. Sevincdə də, pis gündə də bir yerdə olduq. Türk xalqına böyük hörmətim və güvənim var. Bizi öz komandaları hesab edirlər. Bir çox Türkiyə azarkeşlər bizi səfərdə dəstəkləyir”, – deyə Qurbanov bildirib.
Qurbanov xatırladıb ki, Avropa Liqasının son 16 turunda “Qarabağ” kifayət qədər güclü rəqiblə – Almaniyanın “Bayer” komandası ilə oynayacaq.
“Biz onlarla qrup matçlarında oynadıq. Hər iki görüşdə məğlub olduq. Bu, Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsi ölkədə futbolun kütləviləşməsinə böyük töhfə verəcək. Bu, güclü rəqib olmasına baxmayaraq, biz razıyıq. “Qarabağ” yenə böyük komandaya qarşı oynayacaq və futbolçularım yenə də “böyük futbol”, sürət və dinamizmi hiss edəcəklər. Azarkeşlər də oyundan həzz alacaqlar. Ola bilsin ki, bizi məğlub etsinlər, amma biz döyüşmədən döyüş meydanını tərk edə bilmərik”, – deyə Qurban Qurbanov bildirib.
Gununsesi.info