“Qurban Qurbanov Qvardioladan zəif deyil” -Baş məşqçi

  • By admin
  • 13 Sentyabr 2016 20:16

qur

 

Xəbər verdiyimiz kimi, ispaniyalı gənc mütəxəssis Pablo Ximenes “Qarabağ”ın U-17 komandasına yeni baş məşqçi təyin olunub.

Gununsesi.info-nun məlumatına görə, yeni baş məşqçi “Futbol11.az” saytına müsahibə verib.

– Özünüzü Azərbaycanda necə hiss edirsiz?
– Bugünə qədər gördüklərimdən məmnunam. Futbolu inkişaf edən ölkəyə gəldiyimi düşünürəm. İnkişaf üçün hər bir şərait yaradılıb. Məndə bu inkişafa fayda vermək üçün buradayam.

– “Qarabağ” sizi necə tapdı?
– Bildiyiniz kimi, U-19 komandamızın baş məşqçisi Rəşad Sadıqovdu. O, əsas komandanın çalışdırıcısı Qurban Qurbanovla birlikdə qərar veriblər ki, “Qarabağ”ın akademiyasında dəyişiklik etsinlər. Bundan sonra isə fiziki hazırlıq üzrə məşqçi Ruben Sallesə müraciət ediblər ki, İspaniyda bizə kömək edə biləcək məşqçi tanımırsan? Həmyerlim də məni məsləhət görüb. Vaxtı ilə “Valensiya”, “Uraqan” və bir neçə klublarda işləmişəm. Gələn təklifi də düşünmədən qəbul etdim.

– Düşünmək olarmı ki, tezliklə aşağı yaş qruplarında da ispan futbolu tətbiq olunacaq?
– İlk növbədə məqsədim odur ki, U-17 komandasını formalaşdırım. Öz futbol fəlsəfəmi tətbiq etməliyəm. Hazırda məqsədimiz odur ki, U-17, U-19, əvəzedici və əsas komanda eyni sistemlə oynasın. Bunun əsasını da U-17-dən tətbiq etməyə başlayacağıq.

– “Qarabağ”ı “Qafqazın Barselonası” adlandırırlar. Bu, əsas komandanın oyununda hiss olunur?
– Təklif gələndə klub haqda maraqlanmağa başladım. “Qarabağ”ın bir neçə oyununu izlədim. Doğrudan da gördüm ki, oxşar cəhətlər var. Amma hələlik AZAL-la keçirilən qarşılaşmanı canlı izləmişəm. Bir neçə oyuna da canlı baxsam, bu barədə ətraflı fikir söyləmək mümkündür.

– Komandada çıxış edən iki ispaniyalı futbolçu – Miçel Madera və Dani Kintana ilə əvvəldən tanışlığınız var idi?
– Miçeli İspaniyadan tanıyıram. Onun böyük karyerası var. La Liqada çıxış etmiş futbolçudu. Kintananı isə “Valensiya”dan tanıyıram. O, bu komandanın aşağı yaş qruplarında çıxış edib.

– İspaniayda heyətə düşə bilməyən gənc futbolçular Azərbaycanda rahatlıqla oynayıb, təcrübə qazana bilər. Gənc ispanların ölkəmizə axını mümkündürmü?
– Bəli, İspaniyada elə oyunçular var ki, əsas liqada oynamasalar belə, gəlib Azərbaycanda gözəl çıxış edə bilərlər. Misal üçün, Dani Kintananın adın çəkə bilərəm. La Liqada oynamasa da, burada öz gözəl oyunu ilə adından söz etdirib. Bildiyim qədəri ilə ötən mövsüm çempionatın bombardiri də olub. Bu, gələcəyin işidi.

– Qurban Qurbanov gənc olmasına baxmayaraq, adından söz etdirməyi bacarıb. Pep Qvardiola ilə Luis Enrike də gəncdi və onlar da uğurları sıralayırlar. Həmyerlilərinizlə Qurbanovu necə müqayisə edərdiz?
– Rubenlə söhbət edəndə Qurbanov haqqında çox maraqlanmışam. O, öyrənməyi sevən məşqçidir. Daima axtarışda, xarici ölkələrdədi. Öyrəndiklərini də Azərbaycanda tətbiq etməklə işinin təsadüf olmadığı isbatlayır. Komanda artıq 3-cü ildi ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. O, Qvardiola və Enrikedən heç də zəif deyil. Əsas komandanın məşqlərinə baxanda görürəm ki, çoxu elə bizim İspaniyada keçdiyimiz məşqlərdi. Çox oxşarlıq var.

 

Gununsesi.info